20 Sentyabr 2018 12:10
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşura mərasimlərində bəzi xurafat xarakterli əməllər həyata keçirilir ki, din alimləri bunların zərərini dəfələrlə bəyan ediblər. Bəs Aşura mərasimlərində zəncir vurmaq, baş yarmaq, sinə döymək düzgündürmü? Bütün icra edilən ayinlərin islamla əlaqəsi varmı?

İlahiyyatçı Fazil Əhmədli Teleqraf.com-a bildirib ki, islam alimləri Aşura hadisəsinin bir ölkəyə, bir xalqa aid xas eləməyin əleyhinədirlər: “Həmin dövrdə ümumbəşəri hadisə baş verib. Kərbəla hadisələri haqla nahaqqın arasında olan mübarizənin nəticəsidir. Bəzən bunu hakimiyyət davası kimi göstərməyə çalışırlar, belə bir izah da kökündən yanlışdır.

O ki qaldı qılıncla və ya xəncərlə başa vurub qan çıxarmaq, bu, bəzi ölkələrdə hələ də var. Azərbaycanda xəncər vurulmur. Belə qaydanın mənbəyi ingilis təbliğatıdır. İngilislər xüsusi alimlər yetişdirib, müəyyən təbliğat aparıblar, başdan qan çıxarmaq kimi süni hədislər yaradıblar. Halbuki heç bir imamımız onu etməyib. Hətta son illərdə bu, tamam haram edilib.

Zəncir vurmaq məsələsinin tarixi var. İmam Hüseyni öldürdükdən, şəhadətə çatdırdıqdan sonra onun övladlarını, həyat yoldaşını zəncirlərə bağlayaraq İraqdan Suriyaya qədər gedirlər. Zəncirlər onların boyunlarının arxasını o qədər sürtmüşdü ki, oradan qan axırdı. Bu mənzərəni ətrafdakılar da müşahidə edirdilər. Odur ki simvolik olaraq, zənciri bədənə zərər vermədən vurmaq bir əlamətdir. Amma vurub qan çıxarmaq olmaz. Sinə vurmaq isə adi yas hərəkətidir”.


Müəllif: Aytən Yusifova