5 oktyabr tarixinin hər il Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunması barədə qərarı YUNESKO 1966-cı ildə verib. Hazırda oktyabrın 5-i dünyanın 100-dən artıq ölkəsində müəllimlərin peşə bayramı kimi qeyd edilir. Azərbaycanda isə bu bayramın keçirilməsi 1993-cü ilin 5 oktyabrına təsadüf edir.
Teleqraf.com-un müsahibi “Tərəqqi” medalı ilə təltif olunmuş, ömrünün çox hissəsini şagirdlərinə həsr edən, 202 nömrəli tam orta məktəbin tarix müəllimi Nuriyyə Hümmətovadır.
- Nuriyyə xanım, neçə ildir müəllimə işləyirsiniz?
- 1986-cı ildən işləyirəm, bu hesabla pedaqoji stajım artıq 33-cü ilə keçib.
- Bu illər ərzində sizin tədris metodunuz, şagirdlərə münasibətiniz necə olub?
- Hər bir şagirdə fərdi yanaşmağa üstünlük verirəm, uşaqda özünəinam hissini artırmağa kömək edirəm, çünki uşaq özünə güvənir, inanırsa, istədiyi şeyə nail ola bilər. Yəni hər bir uşağa onun psixologiyasına uyğun yanaşmaq lazımdır. Onda istənilən nəticəni əldə etmək olar.
Müəllimin vəzifəsi şagirdə təkcə elm öyrətməklə məhdudlaşmır, onu gərək həm də layiqli vətəndaş, yaxşı insan kimi yetişdirəsən.
- İndi təhsildə yeni islahatlar aparılıb, kurikulum, summativlərin keçilməsi kimi metodlar tətbiq olunur. Təbii ki, sizin ilk dərs dediyiniz illərlərlə indiki sistem arasında fərqlər var. Müqayisə zamanı nə düşünürsüz – bu üsullar təhsilimizə nə gətirib?
- Əvvəllər, yəni ənənəvi üsulla dərs keçilən illərdə belə, ilk müəllim olaraq yeni öyrətmə üsuluna üstünlük verirdim. 45 dəqiqə vaxt ərzində uşağa dərsi öyrətmək asan deyil. Ona görə də kurikulum üsuluna keçmək mənə xoş oldu. Yeni metod, yeni ab-hava, yeni üsullara əl atmaq, uşağın öz üzərində işləməsi, özünü qiymətləndirməsi, müstəqil davranış - bunlar şagirdin bilikləri mənimsəməsinə müsbət təsir edir. Bəzən yeni mövzu keçilməmişdən qabaq uşaq fikirləşir, əvvəlcədən mövzuya uyğun material tapır. Fikrimcə, bu üsul uşaqlar arasında rəqabəti artırır.
- Bəzən valideynlər düşünür ki, bu metodlar uşaqların dərs yükünü ağırlaşdırıb.
- Bu fikirlə razı deyiləm. Əksinə, uşaqların dərs mənimsəmə səviyyəsi artıb. Mənim bu il dərs dediyim buraxılış sinfinin 19 şagirdindən 2-si kollecə, qalanı ali məktəblərə daxil oldu. Baxmayaraq ki, o uşaqlar ənənəvi dərs üsulu ilə gedirdilər, mən onları müstəqil öyrənməyə öyrətmişdim. Yaxşı nəticə varsa, deməli, bu, yaxşı üsuldur və uşaqları yükləmir.
- Uğurlarınızı danmırıq. Amma uşaqların çoxu repetitor yanına gedir, hazırlıq olmadan çox nadir hallarda ali məktəbə qəbul olunurlar.
- Mənim özüm repetitoram, hazırlıq keçdiyim uşaqlar var. Amma deyim ki, elə şagirdlər var, normal dərs keçilsə repetitor yanına getməyinə ehtiyac qalmaz. 2-3-cü qruplar üzrə kompleksləşdirilimiş siniflər var, orda səkkiz saat tarixdən dərs verilir, bu səkkiz saatdan səmərəli istifadə olunsa, uşaq repetitor yanına getməz.
Mənim qohumlarım var, repetitor yanına getmədən biri 696, digəri 681 balla ali məktəbə qəbul olundu. Uşağı yönləndirməkdən də çox şey asılıdır.
- Tarix dərsliklərində bir sıra səhvlər var, bu barədə vaxtaşırı narazılıqlar səsləndirilir.
- Düzdür, bir çox faktlarımız var ki, aşağı siniflərdə keçmişik, indi 10-cu sinifdə onu təkminləşdirilmiş şəkildə yenidən tədris edirik. Aşağı sinifdə verilən faktla yuxarı sinifdə verilən fakt üst-üstə düşmür. Müəlliflərin özü bu üst-üstə düşməyən faktların siyahısını çıxardılar. Araşdırma aparıldı, məlum oldu ki, yuxarı sinifdə keçilən faktlar daha düzdür. Belə hallara rast gəlinir.
- Texnologiyanın inkişafı, internetdən istifadə uşaqları mütaliədən uzaqlaşdırıb. Uşaqları kitab oxumağa yönləndirisinizmi?
- Mən çox zaman uşağa layihə hazırlatdırıram, bu zaman isə faktlara ehtiyac olur. Əgər şagirdi kitaba yönləndirirsənsə o, faktı axtarıb tapmaq üçün müxtəlif kitablar oxuyur və başqa faktları da öyrənir. Ədəbiyyat nitq və ünsiyyət qurmaq üçün çox vacibdir.
- Valideynlərlə münasibətiniz necədir?
- Dərs dediyim uşaqlarının hamısının ailəsi haqında məlumatım olur. Valideynlər özləri də mənimlə əlaqə saxlayır, zəng edirlər. Elə valideynlər də var, iclasa dəvət edirsən, gəlmir. Uşaq valideynin ən böyük kapitalıdır, pulun yox, uşağın dalınca qaçmaq lazımdır.
- Bəzən valideynlər məktəbdə pul yığılması ilə bağlı da şikayət edirlər. Bayramlarda, ad günlərində...
- Hansı müəllim özünə sığışdırar ki, valideynə “mənə gətir pul ver” desin. Amma hansısa özəl gündə valideyn təşəkkür etmək məqsədilə bir dəstə gül, hədiyyə alır, kitab verirsə, bu, diqqətdir. Müəllim də düşünür ki, uşaq və valideyn məni dəyərləndirir. Heç bir müəllim heç kəsə zorla deməz ki, gətir bayramda mənə pul ver.
- Gənc kadrlara necə köməklik edirsiniz?
- Şəxsən mənə gənc müəllimlər özləri yanaşır, müraciət edir, dərslərimdə otururlar. Belə müəllimlərə yol göstərirəm, himayə edirəm ki, yaxşı pedaqoq olsun. Müraciət edən heç kəsdən köməyimi əsirgəmirəm.
- Son vaxtlar müəllimlər şiddət faktları ilə gündəmə gəlir, cəza üsulu kimi şagirdi vurmağı seçirlər... Buna münasibətiniz necədir?
- Şagirdi mən də cəzalandırıram, amma döymürəm, dilimlə başa salıram. Şagirdi mədəni surətdə anlatmaq lazımdır. Başa düşərsə səhv etməz. Ümumiyyətlə, yola gəlməyən uşaq yoxdur. Çətin uşaq ola bilər, amma islaholunmaz uşaq yoxdur. Sadəcə onun üzərində işləmək lazımdır.
- Neçə-neçə şagird yola salmışınız, sizi xatırlayanlar varmı?
- Bəziləri zəng edir, bəziləri ilə qarşılaşırıq. Yaxud məktəbə məni görməyə gələnlər olur. Rüxsarə adında imkansız ailənin qızı vardı, ona çox kömək etmişəm, yanıma çəkib istiqamət vermişəm, dəstək olmuşam. Səkinə, Könül adlı şagirdlərim yetim idilər, qoca təqaüdçü nənənin himayəsində qalırdılar. Onları pulsuz hazırlaşdırmışam, indi də mənimlə əlaqə saxlayırlar. Onların uğuru məni çox sevindirib. İstedadlı uşaqlara mütləq dəstək olmaq lazımdır.
- Nuriyyə müəllimə, bur daha bayramınızı təbrik edirik!
- Təşəkkür edirəm...