13 Oktyabr 2018 11:39
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev 1937-ci il oktyabrın 13-də Azərbaycan elminin və mədəniyyətinin bir neçə görkəmli nümayəndəsi ilə birlikdə həyatının son 12 ilini Bakıda keçirən Krım türkü, alim Bəkir Çobanzadə haqqında çıxarılan güllələnmə hökmünün yerinə yetirildiyini xatırladıb.

Teleqraf.com-un məlumatına görə, diplomat Budapeşt türkologiya məktəbinin yetirməsi, şair Bəkir Çobanzadənin “Zavallı türk” şeirini Krım türkcəsindən dilimizə uyğunlaşdırıb.
“NKVD troykası" kimləri aradan götürməyi yaxşı bilirdi. Belə şeirlər yazan adamlar sovet cəmiyyətində yaşaya bilməzdilər” - deyə Vilayət Quliyev vurğulayıb.

Xatırladaq ki, şeir 1919-cu ildə yanvarın 30-da Budapeştdə yazılıb.

Həmin şeiri təqdim edirik:

Zavallı Türk, bəxtsiz gəldin dünyaya,
Sənin də iqbalın düşdü dəryaya.
Keçmişdən deməyim, qəlbim qan ağlar,
Tarixi açmayım, ürəklər dağlar!
Yağı əlinəmi keçdi sarayın?
Qaraldı nur saçan ulduzun, ayın.
Ərəbdi, əcəmdi yalançı dostun,
Neyçün bu yarışda onlarla qoşdun?
Daraşıb hər yandan düşmən canına,
Cümlə yerikləyib şirin qanına.
Paşalar, ağalar, baylar, bayanlar,
Bu bir sürü sərxoş səni nə anlar?
Yolundan etdilər, qaçdın elindən,
Dilini aldılar bir gün əlindən.
Cahilsən, özünü anlamadın sən,
Halını görüb də ağlamadın sən!
Nadansan! Hər zaman içini yedin,
Ətinlə, qanınla düşmən bəslədin.
Yabançı əliylə vuruldun daim,
Yabançı taxtına quruldun daim!
Sənin də var idi atadan qalan
Möhtəşəm bir dilin – zirehli qalxan!
Bu altı yüz ildə təkcə qış gördün,
Zülmətlər içində atını sürdün.
Osmanlı dövləti! Nə yalan bir söz!
Niyə əyri gördü hər şeyi o göz?
Sənin-mal dövlətin, ey zavallı Türk,
Yüz illərlə oldu əzab, qan və çirk!
Gün gələr, de sən də oyanarmısan?
Öz doğma dilinə dayanarmısan?
Qaraman çobanı, adsız Yörüklər,
Sınmayan kişilər, o əsl Türklər!
Bir gün qalxlarmı “Qurtuluş!” deyib,
Türk tək qürur duyub, “Türkəm!” söyləyib?
Mənim tək səni də sarmış qaranlıq,
Gün batır, qar yağır, hər yan toranlıq...
Kəbədə Quranı özgəsi çalıb,
Peyğəmbər dərin bir yuxuya dalıb...
Camin toz içində, hörümçək dolu,
Minbərin olubdur qurd-quşun yolu.
Rumlu tarixini yazır uzaqda,
“Vəhşi Tatar” sözü dildə, dodaqda...
Ovçular üzündə mənhus bir sevinc,
Vəhşilər önündə dayanmısan dinc.
Bir mənəm uzaqda davanı edən,
İqbalın uğrunda ölümə gedən.
Bir mənəm əlimi göylərə açan,
“Umid ölməz!” deyib sabaha qoşan.
Bir mənəm ağlayan payız, qış, bahar,
Mənəm haray salan, mən - miskin Tatar!


Müəllif: Nərgiz

Oxşar xəbərlər