Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Teleqraf.com xəbər verir ki, “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.
“AgTech and Green Energy” Forumunun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.
Forumda ayrı-ayrı nazirliklərin, dövlət qurumlarının vəzifəli şəxsləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edəcəklər.