26 Noyabr 2018 16:31
3 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sənət düşünün, ona bütün sevginizi, yaradıcılıq gücünüzü verirsiniz, gözəl bir rəsm yaradırsınız və sonra bir anda silirsiniz. Söhbət narahatlığı, mənfi emosiyaları götürən, tamaşaçıda xoş əhval yaradan qum sənətindən gedir.

Azərbaycanda bu sənətlə məşğul olanlar barmaqla sayılacaq qədər azdır. Onlardan biri isə “Tanıdım səni” televiziya layihəsinin qalibi, qum rəssamı Lalə Hüseynzadədir.

Lalə ilə əlaqə saxlayıb müsahibə almaq istədiyimi desəm də, görüşümüz iki həftə sonra Teleqraf.com-un ofisində baş tutdu.

Lalə Hüseynzadə 1992-ci ildə Gədəbəy rayonunda, hərbçi ailəsində anadan olub. Birinci sinfə Gədəbəydə getsə də, orta məktəbi Bakının Yasamal rayonunda bitirib. Hazırda Rəssamlıq Akademiyası rəngkarlıq fakültəsinin 3-cü kurs tələbəsidir.

- Lalə xanım, Azərbaycanda bu sənətlə məşğul olanlar azdır, sizdə bu sənətə maraq necə yarandı?

- İlk dəfə 2011-2012-ci illərdə telekanalların birində qumla bağlı baş tutan verilişdə birinciliyə layiq görüldüm və o zamandan bu sənətə həvəsim artmağa başladı.

İlk dəfə yarışmada çəkməyə başlamışam, ondan sonra internetdə araşdırıb qumla işləyən rəssamların dərslərinə baxdım, öyrəndim. Yəni heç kim öyrətməyib, baxa-baxa öyrənmişəm, sonra üzərimdə işləməyə və özümü tanıtmağa başladım. Artıq 8-9 ildir bu sənətlə məşğulam.

- Yəqin rəssamlıq qabiliyyətiniz də var...

- Uşaqlıqdan rəsmlə məşğulam, bacımla rəssam olmaq istəyirdik. Amma mən yenilik, fərqli məşğuliyyət axtarırdım. İstəyirdim elə bir yenilik edim ki, Azərbaycanda ona rast gəlinməsin. Qum sənəti məndə yaxşı alındı deyə ona davam etmək qərarına gəldim. Hətta bu dərəcədə yaxşı olacağını düşünmürdüm.

- Sizi Türkiyənin məşhur “Yetənək sizsiniz” yarışında görmüşük. O yarışa necə getdiniz?

- 2014-cü ildə mənə bir yaxınım yarışda iştirakı təklif elədi. Dəvət üçün Türkiyədən zəng gələndə qulaqlarıma inanmadım. Orda çox yaxşı qarşılandım, 4 “hə” cavabı aldım və Azərbaycana döndüm. Sonra yenə getdim, amma ikinci turda müsahibədən xaric oldum. Əslində Türkiyədə də bu sənətlə məşğul olan çox azdır, mənim bu sənətlə məşğul olmağım onlara da maraqlı gəldi.

- Qum sənəti harada yaranıb və inkişaf edib?

- Qum sənətinin keçmişi yaxındır, 19-cu əsrdə kəşf olunub. Daha sonra israilli bir rəssam ona marağı artırıb. Bu, dünyada çox da geniş yayılmayan sənətdir.

- Azərbaycanda hansı uğurlarınız var?

- Respublika birincisi olduqdan sonra özəl və dövlət tədbirlərinə qatılmağa başladım. Misal üçün, gənclərin forumlarında qum sahəsində birinciyə layiq görüldüm.

- Sizi görüb bu sahəyə maraq göstərənlər olubmu?

- Bəli, verilişdən sonra 2-3 nəfər bu sahəyə yönəlib, artıq onlar da qumla işləyirlər. Mən kurslarda qum sənəti ilə bağlı dərs də keçirəm. Öyrənmək istəyənlər çoxdur. Psixoloji mərkəzdə sindromlu, inkişafdan bir az geri qalmış uşaqlar üçün də dərs keçirəm.

- Hər bir sənətin mənəvi tərəfi də var, qum sənəti insana necə təsir edir?

- Bunu həkimlər pasiyentlərinə məsləhət görür, çünki psixoloji baxımdan çox yaxşıdır, insanı dincəldir, rahatladır.

- Özünüz işləyəndə hansı hissləri keçirirsiniz?

- Əsasən musiqi ilə işləyəndə və ya əsəbi olanda mənə çox yaxşı təsir edir, əsəblərimi sakitləşdirir.

- Sizin iş alətləriniz qum və masadır. Bunlar haqqında bir az məlumat verərdiniz...

- Bu, xüsusi qumdur, xaricdən sifarişlə gətiririk. İş prosesi şəffaf stolun işıqlandırılması ilə aparılır. Şüşə olan masanın aşağısından işıq vurur, əsas sistemi odur ki, işıq və kölgə olsun. Effekt versin deyə, qaranlıq otaqda işləmək lazımdır.

- Ən çox hansı mövzuya üstünlük verirsiniz?

- Əsasən vətənpərvərlik mövzusunda çəkirəm, sonra portret janrında, peyzajlar da işləyirəm.

- Özünüzü təkmilləşdirmək üçün nə edirsiniz?

- Bu yaxınlarda Rusiyadan Yelena xanım gəlmişdi, o sırf qum sənəti ilə məşğuldur. Görüşdük, o, həm bizə təzə qum gətirmişdi, həm də bilmədiyim çox şeyləri öyrətdi. Bu, elə sahədir ki, üstündə nə qədər işləsən o qədər yaxşıdır. Çünki işlədikcə yeni-yeni rəsmlər ortaya çıxır.

- Sizə ətrafdan reaksiyalar necədir?

- Bəzi insanlar inanmır, deyirlər, bu, necə ola bilər, qumla işləyib rəsm çəkirsən, bəzilərinə də çox asan gəlir. Halbuki yaxınlaşıb baxanda görürlər ki, asan deyil. Bir də karandaşla, yağlı boya ilə işlənən işlərin hansısa bir yerində səhv olanda düzəldə bilirsən, amma qumda elə deyil. Ora bir az çox, yaxud az qum tökəndə, nəsə səhv edəndə məcbursan silib yenidən işləyəsən. Qum bir dəfə çəkilir və ani də silinib gedir.

- Onda ürəyiniz yanmır ki, bu qədər əziyyət çəkdim, amma göz qırpımında silinib getdi?

- Olub, həqiqətən hansısa bir portreti işləyəndə çox heyfim gəlib ki, bu qədər əziyyət çəkdim, sonra silinib getdi. Görüntü olaraq sadəcə videolarda qalır.

- Bir rəsmin çəkilməyinə nə qədər vaxt sərf edirsiniz?

- Ən çətini portretdir, onu tam dəqiqliyi ilə oxşatmaq üçün bir saat vaxt lazımdır, çalışıram vaxtı azaldım, daha da sürətlənim. Başladımsa artıq bitirməliyəm, bir saat vaxt ayırıramsa tam işləyib qurtarmalıyam. Ən çoxu da sifarişlərdir, onları şüşə üzərində işləyirəm, sonra xüsusi yapışqanlarla bu rəsmləri saxlamaq olur.

- Sərgilərdə iştirak etmisinizmi?

- 2017- cil il 9 noyabrda qumla işlədim, sərgidə birinciliyə layiq görüldüm, indi isə təhsilim rəngkarlıqdır, sərgilərdə bu sahədə daha çox iştirak edirəm. Əbru sənəti ilə də məşğulam, amma qumu özüm öyrənmişəm deyə mənə daha yaxın gəlir, qumda özümü daha çox tapmışam. İndi marağım yağlı boyayadır. Orda da fərqli üslublu peyzajlar işləyirəm.

- Adətən, yaradıcı insanlar təxəyyülə uyğun iş görürlər. Belə bir rəsminiz varmı?

-Hazırda elə bir işim var, amma açığı risk eləmirəm. Çünki rəngkarlıq sahəsində özümü tapmamışam, nəsə bir səhvim olar deyə ehtiyatlanıram.

Rəngli qumlarla da işləməyə başlamışam, bu, nə Azərbaycanda, nə də başqa ölkələrdə var. Vyetnamdan savayı... Dayanmadan araşdırma aparırdım ki, yenilik tapım. Rəngli qumlarla rəsm orijinal görünür, çünki qum sadəcə işıq və kölgədən ibarətdir. Sifarişlərdə daha çox rəngli qumlara üstünlük verirəm. Hədiyyəlik üçün bu məsləhətdir.

- Ən baha rəsminiz neçəyədir?

- Yağlı boya ilə çəkilmiş Nar-qız rəsmi 2000 manatadır, amma hələ satılmayıb.

- Lalə xanım, fikir verdim, sol əllə daha çox işləyirsiniz...

- Bəli, mən adətən, qumla çəkdiyim rəsmləri sol əllə işləyirəm, amma başqa sahədə sağ əlim də çalışır

- Qadın üçün dırnaq baxımı əsas şərtdir. Onlar dırnaqları sevir və hər zaman manikürlü olmaq istəyirlər, bu, sizdə problem yaratmır ki?

- Dırnaqlar uzun olmamalıdır, uzun olsa maneə yaradır. Məndə uzun dırnağa heç vaxt maraq olmayıb, həm sevmirəm, həm də işimə görə dırnaq uzatmaq, baxımlı olmaq məndə alınmır. Çünki yağlı boya, kömür, qumla işləyirəm. İşimə daha çox həvəsim var, nəinki dırnağıma ...

- Hazırkı fəaliyyətiniz nədir?

- Təhsilimi davam etdirirəm, kurslarla məşğul oluram və bununla yanaşı Azad Şabanovun yeni bir mahnısı var, Rüfət Mehdiyevin mahnısına klip çəkilir, orda iştirak edirəm. Klipdə olan hadisələri təkrar qumda da çəkirəm ki, bunlar sintez olunacaq.

Bu yaxınlarda 8 ölkənin sərgisi açılacaq. Danimarkada baş tutacaq əsas sərgi üçün yağlı boya ilə portret işləməliyik. Mən onlara təklif elədim ki, portreti rəngli qumla işləyim, yaxşı qarşıladılar, inanıram ki, orda da yer tutaram.

Bu yaxınlarda bölgələr üzrə gənclərin sonuncu forumu keçiriləcək, ora da dəvət almışam.

- Bəs gələcək planlar?..

- Universiteti bitirdikdən sonra magistraturanı xarici ölkələrdə davam etdirmək istəyirəm, yəqin ki, ondan sonra Azərbaycana dönüb, qalereya açıb orda işləyərəm. Bəlkə də oxuyub orda qalaram, bilmək olmaz.

...Lalə tədbirlərə, sərgilərə və dəvət olunduğu bütün yerlərə qum və ağır qum masası ilə gedir. Hazırlıqlı gəldiyinə görə bizim, daha doğrusu, oxucular üçün də qumla rəsm çəkir. O, işlədikcə təkcə əllərini, barmaqlarını hərəkət etdirmir, hiss və emosiyalarını da rəsm əsərinə köçürür. Qısa zamanda qumun köməyilə yaranan bu rəsm izləyicini sadəcə heyrətləndirə bilər.

Bu əsərlər bir azdan silinib gedəcək, bir daha eyni rəsm təkrarlanmayacaq, amma rəsmin ruhu, gözəlliyi, duyğusu yaddaşlarda qalacaq...

Sizə təqdim etdiyimiz video Lalə Hüseynzadənin çəkdiyi və silinib gedən rəsmlərdən sadəcə biridir...

Foto: Səfiyar Məcnun


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər