27 Noyabr 2018 16:15
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırlıq kampaniyasının startı verilən “marafon”a 9 partiya və 2 seçki bloku qatılıb. Nikol Paşinyanın namizədi olduğu “Mənim Addımım” bloku mübarizənin favoriti hesab olunur.

Azərbaycan ərazilərinin 20 faizdən çoxunu işğal etmiş bir ölkədə keçirilən seçkilər bizim üçün də maraq kəsb edir. Hakimiyyətdə yeni siyasi qüvvə sayılan Nikol Paşinyan möhkəmlənərsə, Qarabağ problemi ətrafında hansı situasiyanın yaranacağı maraqla izlənilir

“Baş nazir seçiləcək Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllində geri addım atacağına inanırısızmı?” – indi bizi düşündürən əsas sual budur.

Teleqraf.com bu sual ətrafında sorğu keçirib.

Sorğunu təqdim edirik:

“Öz oğlunu Qarabağa göndərən Paşinyan…”

Ağ Partiya sədri Tural Abbaslı: “Hələ Paşinyan meydan hərəkatına başlayandan bildirmişdim ki, Ermənistan hakimiyyətinə kimin gəlməsindən asılı olmayaraq, onların Qarabağ siyasəti dəyişməyəcək. Sonradan o, baş nazir olduğu qısa müddətdə bunu sübut etdi.

Paşinyan baş nazir olandan sonra nəinki Qarabağ siyasətini yumuşaltmadı, tam əksinə, daha radikal və populist bəyanatlar səsləndirməyə başladı. Hətta hərbi qulluq yaşına çatmış oğlunu Qarabağa təmas xəttinə xidmət etməyə göndərdi.

Bundan başqa, Qarabağın danışıqlar prosesinə “üçüncü tərəf” kimi qatılmasını şərt kimi irəli sürdü. Avropa səfərlərində sərsəm bəyanatlar verdi və s.

Odur ki, Paşinyanın bu seçkilərdə qalib gələcəyi təqdirdə hansısa yumşalma olacağına qətiyyən inanmıram. Əksinə, Qarabağa dair sərt bəyanatlar verərək, onu Qarabağı satacağına görə ittiham edənləri haqsız çıxarmağa çalışacaq. Ümumən, Ermənistanın heç bir hakimiyyəti Qarabağ məsələsində güzəştə gedə bilməz. Çünki bu məsələ Ermənistanda hakimiyyətlərin dəyişmə səbəbidir”.

“O da Kremlə xidmət edir”

Jurnalist Cavid Şahverdiyev: “Paşinyan hakimiyyətə gəlməmişdən öncə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt mövqedən çıxış edirdi. Ümumiyyətlə, Ermənistan hakimiyyətində təmsil olunanlar seçki öncəsi daxili auditoriya və xarici təsirləri sakitləşdirməkdən ötrü həmişə bu münaqişədən kart kimi istifadə ediblər.

Ermənistanda bundan sonra hakimiyyətə kim gəlsə, Qarabağ münaqişəsinin həllində geriyə çəkilməyəcək. Bunun müxtəlif səbəbləri var.

Baxın, Paşinyan baş nazir seçiləndən sonra Qarabağın Ermənistana birləşdirilməsinin vacibliyini dedi, dəfələrlə Qarabağa səfərlər etdi, rəsmi Bakının ünvanına sərt ittihamlar söylədi. Ermənistanda hakimiyyətdə qalmağın və xaricdəki erməni lobbisinin dəstəyini qazanmağın bir yolu da Qarabağ məsələsidir.

İkinci və ən real səbəb isə Paşinyanın Kremlin tapşırığını yerinə yetirməsidir. Nə Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxması, nə də Ermənistandakı hakimiyyət dəyişiklikləri təsadüf deyil, bütün bunlar Kremlin Qafqazla bağlı siyasi ssenarisinin tərkib hissəsidir”.

“İnanmıram ki, qalib gələcək”

Jurnalist Lalə Mehralı: “Paşinyanın seçkilərdə qalib gələcəyinə inanmıram, çünki artıq ermənilər onun vədlərini yerinə yetirməyən biri olduğunu anlayıblar.

Amma ermənilər ona səs verəcək qədər zəkadan qıtdırlarsa, bunun nəticəsinə də dözməli olacaqlar.

Çünki səriştəsiz idarəetmə nəticəsindəonun hakimiyyətinin ömrü uzun olmayacaq. Qarabağa gəlincə, erməni hakimiyyəti irəli-geri addım atmaq barədə özbaşına qərar verə bilmir. Ordusunda əsgəri acından ölür, ac əsgərlə işğal etdiyi torpaqları əlində necə saxlayacaq?”

“Həll onun üçün yeganə çıxış yoludur”

Jurnalist Samir Güləliyev: “Qarabağ probleminin həlli Paşinyanın yeganə çıxış yoludur. Çünki o bilir ki, Ermənistan artıq ən ağır günlərini yaşayır və get-gedə batır. Bunu Ermənistan rəhbərliyinin Avropa ölkələrindən ianə toplaması da sübut edir. Düşünürəm ki, Paşinyan seçkilərdə qalib gəlsə, Ermənistanın inkişafı üçün atacağı ilk addımlardan biri Qarabağ münaqişəsinin həlli olacaq. Sadəcə Paşinyan inqilabla hakimiyyətə gəldiyindən hələ də, idarəetməyə tam sahib ola bilməyib və atacağı addımların hansı reaksiya verəcəyini bilmir. Demək olar ki, Sərkisyan klanından ehtiyat edir.

Paşinyan ən azı aprel döyüşlərindəki məğlubiyyəti və ordumuzun Naxçıvan istiqamətindəki ərazilərimizi heç bir müqavimət görmədən azad etdiyini yaxşı dərk edir. Yəni, Azərbaycan ordusunun gücünə bələddir. Sadəcə olaraq, öz hakimiyyətini tam gücləndirmədiyi üçün ehtiyatlıdır. Digər yandan, Ermənistan öz himayədarı Rusiya ilə də münasibətləri korlayıb. Bu gərginlik Ermənistanın çökməsi ilə nəticələnə bilər”.

“Populistdir”

Jurnalist Gülşən Şərif: “Əslində Nikol Paşinyanın nəinki Qarabağ münaqişəsinin həllində, bütövlükdə Ermənistanın daxili siyasətində belə uğurlu olacağını düşünmürəm. Paşinyanın inqilab ərəfəsində Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi təhdid dolu bəyanatlar var idi. Bu bəyanatlar Ermənistan ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmadı. Özünü o qədər qətiyyətli, sərt, tək güc kimi göstərməsinə baxmayaraq, bir müddət sonra növbəti Qarabağ açıqlamasında təhdidlərindən əsər qalmaması və mülayimləşməsi onun bir siyasətçi kimi zəifliyini göstərir. Lakin Paşinyanın seçkilərdən sonra da Qarabağ məsələsində geri çəkiləcəyini düşünmürəm. Çünki ziddiyyətli bəyanatları onun sadəcə formal bir görüntüyə sahib olduğunu göstərir. Hər kəsə məlumdur ki, Qarabağ münaqişəsinin taleyi Ermənistandan yox, Rusiyadan asılıdır. Buna görə də Paşinyanın geri çəkilməsi, məhz Rusiyanın tapşırıqlarına əsasən baş verə bilər.

Bu baxımdan, Paşinyanın Azərbaycanla danışıqlar masasına oturmağa hazır olduğu ilə bağlı səsləndirdiyi fikirlərin populizm olduğunu düşünürəm və bu qənaətdəyəm ki, seçildikdən sonra da Qarabağla bağlı geri addım atmayacaq. Əsas reallıq isə budur ki, mövcud geosiyasi gedişatda Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün prioritetdir”.

“Petrosyanın aqibətini yaşayacağından qorxur”

Şair Tural Turan: “Qarabağ problemi Ermənistan üçün milli müstəviyə qaldırılmış bir məsələdir. Atəşkəs müaviləsi imzalandıqdan bu günə kimi işğalçı ölkədə dörd dəfə hakimiyyət dəyişib. Yəni, keçən müddət göstərir ki, Ermənistanda hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr seçki prosesində “Qarabağ kartı”ndan yararlanmağa çalışıb. Amma hakimiyyətə gəldikdən sonra bu məsələ arxa plana atılıb. Bu da təbiidir. Çünki ermənilər qeyri-rəsmi və ya dolayı yollarla dəfələrlə ifadə ediblər ki, Qarabağ və ətraf yeddi rayon onların idarəçiliyində olsa da, işğal və problemin həlli məsələsində onlar əsas yox, asılı tərəfdir. Düşünürəm ki, Nikol Paşinyan da hakimiyyətdə mövqeyini möhkəmləndirəcəyi təqdirdə, Qarabağ münaqişəsi ilə bağlı geriyə addım atmayacaq. Çünki bunun bir neçə səbəbi var.

Birincisi, Ermənistan cəmiyyəti buna hazır deyil. Ermənistan cəmiyyəti bir növ işğal faktı terminindən uzaqlaşıb. Hələ də “qələbə eyforiyası”ndadır. İkincisi Kreml amilidir ki, bu həm də əsas nüansdır. Birmənalı şəkildə deməliyəm ki, Rusiya münaqişənin həllində maraqlı deyil və hər vəchlə münaqişəni “dondurulmuş” adlandırmağa cəhd edir. Üstəlik, Qərb də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı susqun mövqe tutub. Paşinyanın geri addım atmamasına üçüncü səbəb isə Ermənistanın rusiyayönlü müxalifətidir. Əgər Paşinyan 5 yox, 2 rayonun qaytarılması ilə bağlı danışıqlarda güzəştə getsə belə, bu onun hakimiyyətinin sonu ola bilər. Çünki ortada “gözü çıxmış sələf” hadisəsi var. Keçmiş prezident Levon Ter-Petrosyanın ABŞ və Fransadakı danışıqlardan sonra hərbi çevrilişlə devrilməsini nə Paşinyana qədərki fiqurlar unutdu, nə də ondan sonra hakimiyyətə gələcək olan şəxslər unutmaq istəyəcək. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu lokal döyüşlər, imkan düşən kimi bunu irimiqyaslı hərbi əməliyyatlar dalğasına çevirməkdən keçir”.

Jurnalist Orxan Kərimov: "Ümumiyyətlə, Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi əksər fikirlər danışıqlar prosesini pozmağa, həmçinin işğala əsaslanan status-kvonu saxlamağa yönəlib. Nikol Paşinyan seçkilərdə qalib gələcəyi halda da isə Qarabağ münaqişəsinin həllində müsbət nəsə irəlləyiş gözləmirəm. O həmişəki kimi sərsəm bəyanatlarla öz mövqeyində qalmış olacaq. Danışıqlar prosesi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib. Yəni ki, münaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırdır. Danışıqların hədəfi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasıdır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər