Ramzan Kadırov əvvəlki illərdə Azərbaycan haqqında heç də müsbət fikirlər söyləmirdi. O, çeçen mücahidlərin Azərbaycandan dəstək aldıqlarını iddia edirdi. Çeçen mücahidlərin bir qisminin ailəsinin Azərbaycanda olması da Kadırovu narahat edirdi. Ramzan Kadırov sonrakı illərdə Azərbaycanı daha tənqid etmədi. Əksinə rəsmi Bakı ilə yaxınlaşmağa çalışırdı. Bunun səbəbi var.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin analitik yazısında öz əksini tapıb.
Qeyd olunur ki, Rusiyada iqtisadi vəziyyət ağırdır:
“Rusiya Prezidenti Vladimir Putin Çeçenistanı müharibədən sonra faktiki yenidən qurdu. Çeçenistandakı infrastrukturun yenidən qurulmasına Moskva milyardlarla dollar pul xərclədi. Ancaq hazırda Moskva Çeçenistana investisiyaların həcmini azaldır. Onsuz da Şimali Qafqaz indinin özündə Rusiyanın ən çox pul xərclədiyi bölgədir, bu yükü daşımaq getdikcə çətinləşir.
Ona görə də Çeçenistana yeni istiqamətlərdən investisiyalar lazımdır. Ramzan Kadırov varlı ərəb dövlətləri ilə dostluq edir ki, onlardan investisiyalar ala bilsin. O, eyni məqsədlə Azərbaycanla yaxınlıq etmək istəyir.
Azərbaycan Qafqazın ən varlı dövlətidir. Rusiyanın Qafqazdakı federasiya subyektləri Azərbaycandan investisiyalar gözləyirlər. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu məqsədlə Şimali Qafqazdakı federasiya subyektlərinə bir neçə dəfə səfərlər edərək görüşlər də keçirib.
Elə Ramzan Kadırovun Prezident İlham Əliyevlə görüşündə Şahin Mustafayevin iştirak etməsi də Çeçenistan liderinin Bakıya hansı məqsədlə gəldiyinə işarə idi”.
Yazıda daha sonra deyilir ki, əlbəttə, Azərbaycan prezidentinin də vurğuladığı kimi keçmiş illərdən fərqli olaraq Çeçenistanda müharibə və terror yoxdur, sabitlikdir. Ancaq Çeçenistan və Dağıstanda sabitliyin davamlı olması haqqında qəti fikir söyləmək də çətindir:
“Risklər hələ var. Rəsmi Bakı Dağıstan, Çeçenistan respublikalarına, Krasnodar vilayətinə investisiya qoymağa və yeni iş yerləri açmağa hazırdır. Ancaq Bakı bunun qarşılığında Moskvadan Qarabağ münaqişəsinin həllində əməli addım atmasını gözləyir. Məsələn, Bakıda Rusiya universitetlərinin sayı artır, hər il Bakıda Moskvanın yeni universitetləri açılır.
2019-cu ilin büdcəsində Moskva universitetlərinin Bakı filiallarına ayrılan vəsait 100 illiyini qeyd edəcək Bakı Dövlət Universitetinə ayrılan vəsaitdən çoxdur. Halbuki Bakı Dövlət Universiteti Azərbaycanın ən böyük universitetidir.
Bütün bunlar ona görə edilir ki, Moskva Azərbaycanın Rusiya ilə əlaqələrə necə üstünlük verdiyini görsün. Moskva və şəxsən Rusiya Prezidenti Vladimir Putin bunu görür və anlayır, ancaq hələ ki, Qarabağ münaqişəsinin həllində fəallıq göstərmir. Rəsmi Bakı bilsə ki, Moskva Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edəcək, Rusiyanın Şimali Qafqazdakı federasiyalarına daha böyük investisiyalar yatırar”.