İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Yusif bin Əhməd Əl-Useymin bu gün qurumun Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib.
Teleqraf.com İƏT Gənclər Forumunun Bakı ofisinə istinadən bildirir ki, görüş qarşılıqlı hörmət və ehtiram mühitində baş tutub.
Görüşdə İƏT Baş Katibi E.İskəndərovun Gənclər Forumunun qurucusu və son 4 ildə sədri kimi fəaliyyətini yüksək qiymətləndirib.
O, həmçinin bir sıra (İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli) layihələrin, Forumun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə azərbaycanlı diplomata İƏT adından səmimi təşəkkürünü bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunması münasibətilə E.İskəndərovu təbrik edən Baş Katib bunu Azərbaycanın İƏT-lə əməkdaşlığına verdiyi yüksək qiymət kimi dəyərləndirib.
Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən Baş Katib, İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildə azərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
İƏT Baş Katibinə xoş sözlərinə görə təşəkkürünü bildirən E.İskəndərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, bu səpkidə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsinə əməli töfhələr verdiyini vurğulayıb.
O, bundan sonrakı fəaliyyətində bu strateji xəttin gücləndirilməsi üçün təcrübə və bacarığını əsirgəməyəciyini bildirib.
Səfir İskəndərov xüsusilə bildirib ki, ölkəmiz İƏT-də Baş Katibin təşəbbüsü ilə başlamış islahat prosesini dəstəkləyir, bu prosesin tezliklə aparılmasını və onun nəticəsində qurumun daha çevik, müasir dünyanın sürətlə dəyişən çağırışlarına adekvat cavab verə biləcək, üzvlərinin maraqlarını maksimal şəkildə müdafiə edəcək təşkilat olmasını arzu edir.
Görüşdə həmçinin İƏT Gənclər Forumunun 3-cü Baş Assambleyasında rəhbər vəzifələrə seçilən Azərbaycan təmsilçiləri – Forumun Baş Direktoru Rəsul Ömərov və Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin Baş Direktoru Elməddin Mehdiyev İƏT Baş Katibinə təqdim edilib.
Sonda Yusif bin Əhməd Əl-Useymin Elşad İskəndərova bu sahədə uzun müddətli səmərəli fəaliyyətinə görə İƏT-in xüsusi fəxri nişanını təqdim edib.