“Belə bir söz var: əgər nəticə yoxdursa, demək, səylər əbəs imiş. Bu fikri Əfqanıstanla bağlı da demək olar”.
Bunu Əfqanıstan ətrafında baş verən hadisələri Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Əfqanıstanın bəlaları 1973-cü ildə kral Məhəmməd Zahir şah devriləndən sonra başladı:
“Həmin il əmisi oğlu və baş nazir Məhəmməd Daud onu devirdi. Ondan sonra Əfqanıstanda nisbi əmin-amanlıq və inkişaf unuduldu. 1977-ci ildə onu da devirdilər, ölkədə inqilab və vətəndaş müharibəsi başladı. 1979-cu ilin dekabrında SSRİ Əfqanıstana hərbi müdaxilə etdi. On il sürən qanlı müharibədən sonra SSRİ rəhbərliyinin xəyanəti, prezident Məhəmməd Nəcibullanı satması, ordunu birtərəfli qaydada çıxarması, onlara yardım verməkdən imtina etməsi Nəcibullanın devrilməsi, ABŞ və Pakistanın dəstəyi ilə yaradılmış “Taliban”ın hakimiyyətə gəlməsi ilə nəticələndi. “Taliban”ın da ideoloji platforması bəllidir. Orta əsrlərə – cahiliyyə dövrünə qayıdış, tarixi abidələrin məhvi, qadınların təhsil almasının, mahnı oxunmasının, musiqinin, televiziyanın qadağan edilməsi və s. hamıya bəllidir. Sonradan amerikalılar 2001-ci il 11 sentyabr hadisələrindən sonra özləri Əfqanıstana hücum etdilər. Bəhanələri də bu oldu ki, əkiz qülləni Üsamə bin Laden partladıb. O da Əfqanıstanda gizlənib. Ora basqın etdilər və təbii ki, hərbi cəhətdən qalib gəldilər, komandirləri satın aldılar. Onlardan asılı bir əfqan hökuməti qurdular və guya ki, Əfqanıstanda demokratik bir cəmiyyət qurmağa başladılar. Təbii ki, heç bir cəhətdən – nə əxlaqi, nə siyasi, nə tarixi inkişaf baxımından demokratiyaya hazır olmayan Əfqanıstanda demokratiya qurmaq mümkün olmadı. Necə ki, vaxtilə sovet təcrübəsi iflasa uğramışdı, eləcə də Amerika təcrübəsi iflasa uğradı”.
Bundan sonra hakimiyyət davasının çox sərt şəkildə davam etdiyini, bir-birini əvəz edən müxtəlif qüvvələrin – qəbilə, tayfa, etnik, məzhəbi və s. qüvvələrin bir-birləri ilə zorakı üsullarla mübarizə apardıqlarını vurğulayan Z.Əlizadənin sözlərinə görə, indi iş o yerə çatıb ki, “Taliban” hakimiyyəti bölüşmək istəyir:
“Taliban”la hakimiyyəti bölüşmək xam xəyaldır. “Taliban” mütləq hakimiyyətə iddia edir. Çünki onun platforması başqalarını sırf islami orta əsr dəyərləri ilə idarə edən bir quruluş yaratmaqdan ibarətdir. Bunu isə əfqan cəmiyyəti istəmir. Əfqan cəmiyyətinin bir hissəsi fərqlidir, dəyişib, oxuyub, başqa cür yaşamaq istəyir. Ancaq “Taliban” öz istəyində israr edir. Buna görə də silahlı mübarizədən əl çəkmir. Artıq ABŞ da, NATO da Əfqanıstandan yorulub, usanıb. Hansısa ortaq siyasi məxrəc axtarırlar.
Rusiya da ortaya düşüb vaxtilə döyüşdüyü “Taliban”la vasitəçilik əsasında əməkdaşlıq edir. Bulanıq suda balıq tutmaq istəyən dövlətlərin sayı çoxdur”.
Qeyd edək ki, rəsmi Kabil radikal hərəkat olan “Taliban”la heç bir ön şərt irəli sürmədən birbaşa dialoqa, o cümlədən bütün məsələləri müzakirə etməyə, hətta konstitusiya dəyişikliyi etməyə hazır olduğunu bildirib.