Dekabrın 12-də İtaliyanın Neapol şəhərinin Şərqşünaslıq Universitetində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı-Neapol Assosiasiyası, Neapol Şərqşünaslıq Universiteti və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər ictimaiyyətinin, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolu, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi və ölkəmizin dayanıqlı inkişafının təmin olunmasındakı xidmətləri barədə danışıb.
Ümummilli Liderin Azərbaycan-İtaliya əməkdaşlığının, iki ölkənin xalqları arasında əlaqələrin, o cümlədən Neapol şəhəri ilə təmasların inkişafına xüsusi diqqət yetirdiyini bildirən diplomat Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1972-ci ildə Bakı və Neapol şəhərləri arasında qardaşlaşma münasibətlərinin əsasının qoyulduğu, eyni zamanda, 1997-ci ildə İtaliyaya rəsmi səfəri çərçivəsində Neapol şəhərinə də səfər etdiyi barədə məlumat verib.
Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs edən diplomat, habelə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada təbliğinə, o cümlədən Azərbaycan və İtaliya arasında humanitar sahələrdə əlaqələrə verdiyi töhfələrdən danışıb.
Tədbirdə Neapol Şərqşünaslıq Universitetinin rektoru Elda Morlikkio və universitetin professoru, tanınmış şərqşünas alim Mikele Bernardini də çıxış ediblər. Onlar Neapol Şərqşünaslıq Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu, iki ölkə arasında mədəniyyət və təhsil sahələrində mübadilələrə töhfə verməyə hazır olduqlarını bildiriblər.
Sonda Ulu Öndərin Azərbaycanın müasir tarixindəki rolundan bəhs edən, italyan dilində hazırlanmış "Xilaskarın həyatı" adlı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, tədbirdən əvvəl səfir M.Əhmədzadə ilə Neapol Şərqşünaslıq Universitetinin rektoru Elda Morlikkio arasında keçirilmiş görüşdə əməkdaşlıq imkanları müzakirə edilib, bu universitetlə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Tədbir çərçivəsində İtaliyanın yerli televiziya kanallarına müsahibələr verilib.