14 Dekabr 2018 09:01
2 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən günlərdə efirdə özünü orta məktəb müəllimi kimi təqdim edən Mirismayıl Xələfli müəllim işləyərkən 7-ci sinif şagirdinə aşiq olduğunu və onunla ailə qurmaq istədiyini deyib.

Bu sözlər həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub və o, pedofil adlandırılıb.

Əslində pedofil kimdir, onu necə seçmək olar?

Teleqraf.com-un sualını psixoloq Səbinə Bayramova cavablandırıb.

Psixoloqun sözlərinə görə, bir çoxları pedofilləri çirkin, yaşlı, kimsəsiz yerdə gizlənən, küçədə uşaqları seyr edən adamlar kimi təsəvvür edir: “Halbuki pedofillər bəzən qonşumuz, bəzən güvəndiyimiz dostumuz, bəzən din adamı, müəllim, hətta ailə üzvü də ola bilir”.

Psixoloq pedofiliyanı belə izah edib: “Yetkin bir şəxsin yeniyetmə yaşına çatmamış uşaqlara qarşı cinsi istək duyması "pedofiliya" adlanır. Pedofiliya daha çox kişilərdə rast gəlinən psixoloji xəstəlik olmaqla, həm də cinayət kimi qəbul edilir.

Pedofillər ümumiyyətlə, zorakılıq etmədən toxunar, cinsi məzmunlu müzakirələr etdikdən, şəkil və ya filmlər göstərmək kimi yollara baş vurduqdan sonra təcavüz işini reallaşdırarlar. Yəni hər şeyi öncədən planlayırlar.

Bu şəxslərin əksəriyyəti uşaq ikən anası tərəfindən mütəmadi şəkildə alçaldılmış, qarşı cinsdən daim rədd cavabı almış, uşaq ikən cinsi istismara, yaxud təcavüzə uğramış olurlar. Üstəlik, belələri ətrafı ilə uyğunluq təşkil edən, şübhə yaratmayan peşə və status sahibi kimi tanınırlar. Onlar müəllim, qohum, qonşu kimi uşağın tanıdığı və güvəndiyi şəxslərdir. Bu səbəbdən pedofiliyaya meylli adamı aşkarlamaq olduqca çətindir.

Lakin pedofillərin ailə içində və kənar mühitdə daha çox özünə qapalı, həyat yoldaşı və ya ailəsi ilə isti münasibət qura bilməyən psixopatik, psixoseksual və sosial baxımdan yetkinləşməmiş şəxsiyyət xüsusiyyətlərinə sahib olduğunu bilməyimizdə fayda var.

Birinə pedofil deyə bilməyimiz üçün onun yaşı 16-nı keçməli, törətdiyi cinsi hadisədə o, uşaqdan ən az 5 yaş böyük olmalıdır”.

Səbinə Bayramova bildirib ki, pedofiliyanın müalicəsi olduqca çətindir: “Təəssüf ki, pedofillərin böyük qismi müalicəni rədd edir. Belələrinin könüllü şəkildə mütəxəssisə müraciət etməsi müalicəyə ciddi şans verir. Bu xəstələrə psixoterapiya və koqnitiv terapiyalar yardım edir.

Nəticə etibarı ilə uşaq istismarı və onlara etinasızlıq əhalinin sağlamlıq problemidir. İstismar və etinasızlıq – təhsil səviyyəsi azaldıqca artan bir anlayış olduğu üçün ciddi şəkildə maarifləndirmə aparılmalıdır.

Unutmayaq ki, belə hadisələrə göz yummaq gələcəkdə ruhi sağlamlığı pozuq fərdlərin yetişməsinə, uşaq istismarçılarının isə artmasına gətirib çıxarır”.


Müəllif: Aytən

Oxşar xəbərlər