15 Yanvar 2019 12:10
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm. Əlbəttə, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşürəm. Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır:

“Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır. İndi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır. Ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır. Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür”.

Fazil Mustafa hesab edir ki, icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı: “Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahının yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, 6 dövlət qurumu ləğv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu