19 Yanvar 2019 14:07
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görünür, qısqanclıq təkcə sevgi-məhəbbət mövzularında olmur. Bir ölkə digərinin varlanmasına, müstəqil siyasət yeritməsinə, digəri onun beynəlxalq təşkilatlarla qurduğu əlaqələrə qısqanır. Qısqanclıq bir xəstəlikdir və bu xətəlikdən çox fəsadlar törəyir.

Azərbaycan və Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətində danışıqların konstruktiv məcraya qədəm qoyması, tərəflər arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı məlum dairələri ciddi narahat edirdi. Nəhayət, bunu hansısa prizmadan ortaya qoydular. “Biz Azərbaycana necə təzyiq edək? Əl altda kim var? Əlbəttə ki, tarixi ssenarini ortaya qoyarıq”. Tarixi ssenari də “demokratiya” və “insan hüquqları” ifadələrindən ibarətdir. Bi ifadələr altında ölkələr dağılıb, milyonlarla insane ev-eşiyindən didərgin düşüb: “İraqa hücum etmək lazımdırsa, insan hüquqlarını bəhanə edərik.

Elə Suriyanı da belə dağıdıb Qəddafinin pullarını ələ keçirərik. Yeni formalaşan hökumətə isə deyərik ki, pullar NATO qüvvələrinin ölkənizi despotizmdən azad olunmasına sərf edilib”. Nəyisə bəhanə etmək lazım idi. O da Mehman Hüseynov oldu. Əslində, onlara maraqlı deyil ki, Mehman harada doğulub, hansı işlərlə məşğul olub və həbsxanada nə edir. “Əgər Azərbaycana təzyiq etmək lazımdırsa, elə Mehmanı ortaya ataq”. Elə də oldu. On illərlə yada düşməyən qaçqın və məcburi köçkünlər, Xocalı qətliamı əvəzinə ortaya Mehman atılırsa, deməli qərəz göz qabağındadır. Biz nüfuzlu qurumları o vaxt sevərdik ki, dərdimizə dair nəsə qəbul etsin. Amma belə tamaşalar artıq iyrənclik xəstəliyi yaradır. Onsuz da Mehman Hüseynov olmasaydı da, kimisə ortaya atacaqdılar. Təki, nə iləsə təzyiq göstərək.

Ölkəmiz əleyhinə ikili standartlarla müşayiət olunan və Avropa parlamentndə gündəmə gətirilən cızmaqaralar məhz, bu qəbildəndir. Siyasi müşahidəçilər sözügedən faktoru Qərb strukturlarında təmsil olunan və daha çox erməni lobbistləri kimi tanınan şəxslərin Azərbaycan əleyhinə qarayaxma kampaniyasını yenidən alovlandırmaq cəhdi kimi dəyərləndirirlər.

Azərbaycan dövləti beynəlxalq müstəvidə prinsipial addımlar atdıqca, ölkəmizin uğurlarına birmənalı yanaşmayan və erməni lobbisi ilə birbaşa bağlı olan dairələr ciddi narahatlıq keçirir. Bu faktor məlum təsisatları bütün resurslardan istifadə edərək bir sıra təşkilatlar çərçivəsində rəsmi Bakının maraqlarına zidd qərarlar qəbul etməyə istiqamətləndirir. Xüsusən, Avropa İttifaqı və Avropa Şurası səviyyəsində dəfələrlə qaldırılan insan hüquqları, demokratiya məsələləri məhz Azərbaycanı nüfuzdan salmaq, onun regional və geostrateji təşəbbüslərinin qarşısını almaq məqsədi daşıyır. Kənar qüvvələrin təsiri altında olan bu tip təşkilatların ölkəmizə qarşı qeyri-obyektiv və qərəzli münasibəti, şübhəsiz, konkret məqsədlərə hesablanır. Məsələn, Avropa Şurasında müəyyən ermənipərəst, sorosçu qruplar davamlı şəkildə Azərbaycana qarşı hücumlar təşkil edir. Təəssüf doğuran hal isə odur ki, belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter almaqdadır. Prezident İlham Əliyev də adıçəkilən qurumun qəbul etdiyi əsassız sənədlərə hələ 2015-ci ildə münasibət bildirmişdi.

Bu gün Azərbaycanla Avropa İttifaqı arasında qurulan konstruktiv əlaqələr, 2018-ci ildə imzalanmış tərəfdaşlıq sənədi gələcəkdə siyasi, iqtisadi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyinin dəstəklənəcəyi ehtimallarını artırdığından Avropa Parlamentində yanvarın 17-də təşkil edilən dinləmələrin məhz bu dəstəyə zərbə vurmaq məqsədi daşıdığı anlaşılandır. Qeyd edək ki, müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan haqlarından dəm vuran parlament üzvləri, o cümlədən qətnamə müəlliflərindən biri olan Rebekka Harms çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü yadına belə salmadı. Bu xanım əslində, Sorusun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Bu baxımdan söyləmək olar ki, sözügedən qətnamə Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin tərkib hissəsidir. Bu, eyni zamanda, Avropa Parlamenti üzvlərinin ikiüzlülüyünü göstərir. Diqqəti cəlb edən məqamlardan biri də odur ki, qətnamədə ölkəmizi geylərin və cinsi azlıqların nümayəndələrinin hüquqlarını məhdudlaşdırmaqla bağlı bənd də yer alır.

Ekspertlər onu da qeyd edirlər ki, qəbul edilən qətnamə barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılması bəzi mətləblərdən xəbər verir. Belə ki, görünür, sənədin qəbulunu öncədən gözləyənlər olub və onların erməni lobbisi ilə bağlı olduğu heç kimə sirr deyil. Ümumiyyətlə isə, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələrin birtərəfli səciyyə daşıması, əlbəttə, Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılmasına hesablanır.

Məhz bu xarakterli parlamentarilərin səyləri nəticəsində respublikamız Avronest təşkilatı çərçivəsində fəaliyyətini dayandırmışdı. Avropa Parlamentinin diqqət yetirməyə borclu olduğu məsələlər çoxdur. Fransada “sarı gödəkçəlilər” hərəkatı neçə müddətdir ki, Avropanı iğtişaşlar meydanına çevirib, lakin nə Avropa Parlamenti, nə də digər beynəlxalq təşkilatlar bu hadisələrlə bağlı heç bir mövqe ortaya qoymur. Belə bir vəziyyətdə Arlen Dezir və ona bənzər digər parlamentarilərin Azərbaycanda konkret şəxslərin maraqlarının müdafiəçisi kimi çıxış etməsi, üstəlik, tələbləri yerinə yetirilməsə, ölkəmizlə münasibətlərin dayandırılması iddialarını qaldırması Qərb strukturlarında təmsil olunan və daha çox erməni lobbistləri kimi tanınan şəxslərin Azərbaycan əleyhinə qarayaxma kampaniyasını yenidən alovlandırmağa çalışdığı kimi qiymətləndirilə bilər.

Bununla belə, məlum sənədlərin ciddi hüquqi əsas daşımadığını əsas gətirərək demək olar ki, bu tipli qətnamələr ikitərəfli münasibətlərə təsir etməməlidir. Digər tərəfdən, Azərbaycan Avtopa İttifaqının üzvü deyil və bu kimi qurumların qəbul etdiyi qərarlar ölkəmiz üçün heç bir əhəmiyyət daşımır. Azərbaycan öz milli maraqları çərçivəsində istənilən dövlət, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazırdır, lakin heç bir halda təzyiq və diktat metodlarını qəbul etmir və bundan sonra da etməyəcək. Çünki, Azərbaycanın öz inkişaf yolu, bütün məsələlərə, o cümlədən demokratik inkişafa öz baxışı var və ölkəyə kənardan zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün olmayacaq. Necə ki bu günə qədər mümkün olmayıb.


Müəllif: Teleqraf.com