Son günlərdə sosial media resurslarında sui-istifadə hallarının, şayiə yönümlü və dezinformasiya xarakterli məlumatların yayılması hallarının nisbətən çoxaldığı müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, ayrı-ayrı fərdi şəxslərə məxsus sosial media hesablarından mənasız, qeyri-qanuni video-materiallar və bilərəkdən dezinformasiyalar paylaşılır: "Açıq-aşkar görünür ki, kimlərsə Azərbaycan dilli sosial media seqmentinə bu tip məlumatları sızdırmaqla ictimai fikri bu istiqamətə yönləndirmək istəyir. Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur.
Kimlərsə çalışır ki, bu tip zərərli informasiyalar ətrafında müzakirələr açılsın, ictimai-sosial qruplar buna münasibətlər bildirsinlər.
Güman ki, xaricdəki bəzi qruplara da lazımdır ki, bəzi ölkələrdə olduğu kimi bizdə də sosial mediaya qarşı hökumət tərəfindən “balta” metodu tətbiq olunsun. Ötən gün deputatlar bu məsələni növbəti dəfə müzakirəyə çıxarıblar. Sosial medianı kökündən "baltalayan" ölkələrin üzləşdiyi problemlər hamımıza məlumdur.
Düşünürük ki, dezinformasiyalarda məqsəd həm də sosial medianın Azərbaycan seqmentini gözdən salmaq, mənasız müzakirələrə yönəltmək, parlamentin diqqətini zərərli kontentə yönəltməklə daha sərt tədbirlərə rəvac vermək ola bilər”.
Ekspert deyib ki, bizim hər birimizin, həmçinin də cəmiyyətimizin və dövlətimizin sosial mediaya və internetə daha çox ehtiyacı var: ”Son dövrlərdə ölkədə aparılan islahatlarla, qlobal dünyanın çağırışları ilə rəqəmsallaşma və transformasiya sahəsində biz böyük hədəflərə çatmağı planlayırıq.
Bu baxımdan fərqində olmalıyıq ki , bu cür resurslar bizim üçün ictimai bir platformadır, ictimai nəzarət imkanıdır, ictimai müzakirələr meydanıdır, kimlər üçünsə biznes və karyera imkanlarıdır, kimlər üçünsə informasiya mənbəyi və informasiya münasibətləri vasitəsidir.
Ümid edirəm ali hakimiyyət də bunun fərqindədir ki, mənasız və zərərli kontentlər Azərbaycandilli sosial media məkanına həmişə kənardan sızdırılır.
Əminəm ki, hökumət də sosial medianın ölkəmiz üçün əhəmiyyətini dərk edir və onun inkişafını əngəlləyən addımları məqbul hesab etməyəcək”.