11 Fevral 2019 22:43
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncam ədəbi-bədii fikir tariximizin tədqiqi, təbliği və yüksəkixtisaslı kadrların hazırlanması işində təqdirəlayiq xidmətlərini nəzərə alaraq akademik Həmid Araslının anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədiilə imzalanıb.

Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu bərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda bildirilir ki, 2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olur.

Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlamış, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf etmiş, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlamışdır. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda ölkənin mədəni-ictimai həyatında yaxından iştirak etmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər