12 Fevral 2019 14:51
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il sentyabrın 27-də istismar müddətini başa vurmuş eskalatorların yenisi ilə əvəz edilməsi məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanmış “Xətai” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin daha bir mərhələsi başlanıb.

Bakı Metropolitenindən Teleqraf.com-a verilən məlumata görə, dekabr ayının ikinci ongünlüyündə sökülməsi başa çatmış “LT-2” tipli 3 eskalator əvəzinə yenilərinin quraşdırılması prosesinə başlanılıb.

Qeyd edək ki, stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılır.

Bu isə stansiyaya enib-qalxan sərnişinlərin təhlükəsizliyinin daha etibarlı, xidmət səviyyəsinin daha yüksək olması deməkdir.

Hər birinin çəkisi 4-8 tona bərabər olan bir neçə hissədən ibarət yeni eskalatorların quraşdırılmasına başlamazdan əvvəl maşın zalında aparılan söküntü işləri müddətində oradan verilən əlavə dayaqlar vestibül döşəməsinin möhkəmliyini artırır. Həmçinin bu müddətdə eskalator hissələrinin maili gedişə düzülməsi məqsədilə qaldırıcı konstruksiya da quraşdırılıb.

Onu da əlavə edək ki, Bakı Metropoliteninin ən dərin stansiyası olan "Xətai"də eskalatorların uzunluğu 100 metrə yaxın olacaq.

"LT-2" tipli köhnə analoqlarından fərqli olaraq yeni maşınların mühafizə bloklarının sayı 2 dəfə çoxdur və bu da sərnişin təhlükəsizliyinin daha da yüksəldilməsinə xidmət edir.

Birçıxışlı olduğundan sərnişinlərin giriş-çıxışına bağlanmış stansiyada digər infrastrukturun da yenilənməsi prosesi plana uyğun qaydada aparılır. Artıq vestibülün esklatorlara giriş meydançasında divar örtüyünün vurulmasına başlanılıb.


Müəllif: Aytən

Oxşar xəbərlər