“İrəvanlı mühacirlər” layihəsi 3
"Çox möhtərəm, Hilal bəy... Buradakı dostlarla görüşdüm. Rəsulzadə Məhəmmədəmin bəy xəstələnib. Onun boğazı ağrıyır, yataqda yatır. Otağı çox təsirlidir. Otaqda kitab və qəzetlər bir-birinin üstündə toplanıb. Bu şəxsin hər hərəkətində Azərbaycan idealına səmimi bir bağlılıqla çalışmaq görünür. Yatağının üzərində divara Azərbaycan xəritəsi asılıb..."
Əkbər ağa Şeyxülislamzadənin Hilal Münşiyə 12.04.1924 tarixli (İstanbul) məktubundan.
1918-ci il dekabr ayının 30-da çap olunan “Azərbaycan” qəzetinin 74-cü sayında “Sülh konğresinə gedən Heyəti-Mürəxxəsənin əziməti” adlı məqaləsində Xəlil İbrahim yazır:
“Azərbaycan Parlamanı tərəfindən Avropaya... ümumi sülh konğresinə göndərilən Heyəti-Mürəxxəsə çaharşənbə günü saat 7-də dəmiryolu təriqiylə əzimət etdi. Heyət: dövlət müfəttişi, “Müsavat” pişrovu Məhəmmədhəsən Hacınski, Parlaman məbusu və məşhur camaat xadimi və mühərrir Əhməd bəy Ağayev, məşhur camaat xadimi Əlimərdan bəy Topçubaşov, Parlaman üzvü və sosialist, “Hümmət” firqəsi rəisi Əkbər ağa Şeyxülislamov, qəzetəmizin müdiri və baş mühərriri Ceyhun bəy Hacıbəyli, [Məhəmməd] Məhərrəmov (sosialist) və Miryaqub Mirmehdiyev (“İttihad”) cənablarından ibarətdir... Heyət yola düşmədən əvvəl “Müsavat” Firqəsi rəisi Rəsulzadə Məhəmmədəmin bəy cənabları müxtəsər bir nitq irad edərək Avropaya gedən məşhur çalışqan rəislərimizə vəzifələri haqqında bir söz söyləməyi artıq hesab edib də ancaq vəkillərimizin millət hüzuruna istiqlal təmini kibi mübarək bəşarətlə, ağ yüz, açıq alınla qayıdacaqlarına əmin olduğunu bildiriyor”.
Rəsulzadənin söylədiklərindən biri doğru çıxdı. Heyət vəzifəsinin öhdəsindən layiqincə gəldi, istiqlalımızı Avropa dövlətlərinə tanıtdı. Lakin onlar millət qarşısında üzləri ağ, alınları açıq olsalar da, təəssüf ki, bir daha vətənə qayıda bilmədilər.
Onlardan biri də Əkbər ağa Şeyxülislamzadə idi.
Əkbər ağa 1891-ci ildə İrəvanda doğulub. 1912-ci ildə İrəvan gimnaziyasını bitirib. Ardınca Peterburq Dəmiryol Mühəndisləri İnstitutunda təhsil alıb.
1918-ci il mayın 27-də Azərbaycan Milli Şurası yaradılır. Əkbər ağa Sosialistlər Blokundan Şuranın Rəyasət Heyətinə daxil olur. Fətəli xan Xoyskinin ilk hökumət kabinetində Əkbər ağa ziraət (əkinçilik) və məsai (əmək) naziri təyin edilir.
1918-ci il iyunun 17-də hökumət İstanbula Heyəti-Mürəxxəsə göndərmək haqqında qərar qəbul edir. Heyətin sədri Rəsulzadə olur. Əkbər ağa bu heyətdə siyasi müşavir kimi təmsil olunur. 1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamenti təsis edildiyi zaman Şeyxülislamzadə millət vəkili kimi fəaliyyət göstərir, ilin sonunda isə Parisə gedən nümayəndə heyətinin tərkibinə daxil edilir.
Əkbər ağa Parisdə nümayəndə heyətinin tərkibində digər siyasətçilərlə birgə fəaliyyət göstərir, nəticədə 1920-ci ilin yanvar ayının 11-də Azərbaycanın müstəqilliyi tanınır.
Mühacirət həyatı
Əkbər ağa 1920-ci ildən mühacirətdə qalmağa məcbur olub. 1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzinin üzvü olub, Qafqazın İstiqlal Komitəsində Milli Mərkəzi təmsil edib. Ömrünün sonuna qədər Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb. 1961-ci ilin mart ayının 2-də Parisdə vəfat edib.
Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlu onun ölümü ilə bağlı maraqlı qeydlər yazıb:
“Azərbaycanın tanınmış ailələrindən birinə mənsub olan Əkbər ağa İrəvanda dünyaya gəlib... Ana dilindən başqa rus və fransız dillərini çox yaxşı dərəcədə bilirdi... Əkbər ağa 42 ildir xaricdə Azərbaycanın qurtuluşu uğrunda çalışıb, aktiv surətdə iştirak edib, ta ki ölüm döşəyinə düşənə qədər. Rəhmətliyin xəstəliyi çox uzun çəkdi, bütün cəhdlərə baxmayaraq, təəssüf ki, mübtəla olduğu xəstəlikdən qurtula bilmədi... Son zamanlar mərhumun maddi sıxıntısı çox imiş, bu idealist və fədakar Azərbaycan patriotu sıxıntı içində öldü... Əkbər ağa Şeyxülislamzadənin dəfn mərasimində azərbaycanlılardan başqa Şimali Qafqaz, Krım, İdil-Ural, Türkistan, Gürcüstan, Ermənistan, Ukrayna və s. əsir millətlərin Fransadakı siyasi təşkilatlarına mənsub heyətlər də iştirak etdilər”.
Azərbaycan necə quruldu?
Əkbər ağa Şeyxülislamzadənin mühacirətdəki mətbu fəaliyyəti geniş deyil. Ən məşhur məqaləsi “Azərbaycan necə quruldu?” adlı yazısıdır. Əkbər ağa məqaləsində qeyd edir ki, H.b.Ağayev Azərbaycanın müstəqil bir dövlət olması məsələsini səsverməyə qoyur, katib Mustafa Mahmudov Milli Şura üzvlərinin adlarını tək-tək oxuyur. Hər üzv ayrı-ayrılıqda “razıyam” cavabını verir. Yekunda sədr Həsən bəy Ağayev üzvlərə müraciətlə deyir: “Bu saatda, yəni 9-a 10 dəqiqə işləmiş Azərbaycanın istiqlaliyyəti Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmişdir”.
Əkbər ağanın məzarı necə tapıldı?
Əkbər ağanın məzarının məhv olmasının qarşısı böyük azərbaycanlı Ramiz Abutalıbov sayəsində alınıb. Ramiz Abutalıbovun sözlərinə görə, vaxtilə onu bu qəbiristanlığa başqa bir mühacir soydaşımız – Qədir Süleymanov aparıb. O, Əkbər ağanın qəbrinin təxmini yerini göstərə bilib. Çünki qəbir tamamilə tanınmaz vəziyyətdə olub. Ramiz Abutalıbov belə xatırlayır: “Onda biz Parisdə yaşayan cənublu soydaşımız Məmmədəli Tacəhmədi ilə Bobinyinin qəbiristanlıq idarəsinə getdik və Əkbər ağanın qəbrinin yerini dəqiqləşdirdik. İdarədə konkret sxem var idi. Amma qəbir yeri itmək üzrə idi... Sonralar bir dəfə ümummilli lider Heydər Əliyevin yanında “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə hazırlıqla bağlı müşavirə keçirilirdi. Mən də müşavirədə iştirak edirdim.
Sonda Heydər Əliyev zala müraciət etdi ki, müzakirə olunası başqa məsələ qalmadı ki? Mən əlimi qaldırıb Əkbər ağanın Parisdəki qəbrinin acınacaqlı vəziyyətdə olduğunu dedim... Düzdür, mən anlayırdım ki, burada tamam başqa məsələ müzakirə edilir və bəlkə də heç yeri deyil. Amma anlayırdım ki, mənim cənab Prezidentlə yaxın vaxtlarda başqa ünsiyyət imkanım olmayacaq, ona görə də narahat olduğum bu problem barədə danışdım. Heydər Əliyevin reaksiyası qəti oldu: “Məşğul ol!” Prezidentin müvafiq tapşırığından sonra Azərbaycanın Fransadakı səfirliyi bu işin icrasına başladı, lazımi vəsait ayrıldı və 1999-cu ildə Əkbər ağanın qəbri indi gördüyünüz kimi səliqəyə salındı, mərmər başdaşı və sinədaşı qoyuldu”.
Qaynaqlar:
1. Ədalət Tahirzadə, Dilqəm Əhməd. “Azərbaycan Cümhuriyyəti (1918-1920) (Qısa tarixi oçerk), Bakı, 2018.
2. Müsəllim Həsənov, “Qərib məzarlar (Fransa)”, Bakı, 2016.
3. “Mücahit” jurnalı, 49-50-ci say, 1962-ci il.