27 Fevral 2019 17:59
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, iclasda çıxış edən şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən il dahi öndər Heydər Əliyevin dövlət inkişafı kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, Azərbaycanda sabitlik və hərtərəfli tərəqqinin təmin olunduğunu, dövlətimizin iqtisadi potensialının yüksəldiyini, o cümlədən Dünya Bankının "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək dünyada 25-ci yer tutduğunu və ən islahatçı 10 dövlət sırasında olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, ötən il məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi üzrə ardıcıl tədbirlər görülüb.

Dövlət başçısının tapşırığı ilə yaradılmış “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər elektron sənəd dövriyəsinin təmin edilməsinə, o cümlədən iddia ərizələrinin onlayn verilməsinə, məhkəmə rüsumlarının elektron ödənilməsinə, iş üzrə məlumat və qərarların alınmasının elektron həyata keçirilməsinə, məhkəmə iclaslarının audio-video yazılışının aparılmasına şərait yaradıb. Bu məqsədlə ölkə üzrə mövcud olan 111 məhkəmədən 60%-i müasir İKT ilə təchiz edilib, bu sahədə işin tam yekunlaşması üzrə tədbirlər görülür.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb və artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

Hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə təşkil olunan təlimlərdə bütün hakim korpusu əhatə olunub, Avropa Konvensiyasının tətbiqi və presedent hüququ ilə bağlı Məhkəmənin hakimi və təcrübəli ekspertlərin iştirakı ilə video-konfrans vasitəsilə distant təlimlərə başlanılıb.

Müasir məhkəmə infrastrukturunun yaradılması məqsədilə 2018-cı ildə Dünya Bankı ilə birgə Layihələr çərçivəsində və dövlət büdcəsi hesabına Bakı şəhərinin Binəqədi və Zaqatala rayon məhkəmələri üçün yeni, müasir İKT-lərlə təchiz olunmuş məhkəmə binaları inşa edilərək istifadəyə verilib. Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Suraxanı, habelə Masallı rayon məhkəmələri üçün hazırda yeni inzibati binaların inşası aparılır.

Ölkə Prezidenti tərəfindən Binəqədi rayon məhkəməsinin yeni binasının şəxsən açılışının həyata keçirilməsi məhkəmə hakimiyyətinə diqqət və dövlət qayğısının təzahürü olub.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mütərəqqi islahatlarımız nüfuzlu beynəlxalq təsisatlar tərəfindən təqdir edilib.

Eyni zamanda səlahiyyət müddəti başa çatan 80-dən çox hakimin fəaliyyəti ətraflı və prinsipial təhlillər aparılmaqla qiymətləndirilib, 16 nəfəri apellyasiya məhkəmələrinə irəli çəkilib, 61 nəfəri yenidən müxtəlif hakim vəzifəsinə təyin edilib. Yuxarı instansiya məhkəmələrində olan 30 vakansiya zəruri keyfiyyətlərə malik hakimlərlə tam komplektləşdirilib və apellyasiya məhkəmələrinin sədr müavini və kollegiya sədrləri təyin edilib.

Bununla yanaşı məhkəmələrin iş yükü üzrə ətraflı təhlillər aparılmaqla ehtiyatda olan 50 hakim ştatı birinci instansiya məhkəmələri üzrə tam paylanılıb. Hakimlərin obyektiv seçimi nəticəsində 800-dən çox namizəddən 108 nəfər hüquqşünas çoxmərhələli imtahanları, 1 il müddətində davam edən təlimləri və məhkəmələrdə, o cümlədən Türkiyədə və Avropa Məhkəməsində stajkeçməni uğurla başa vuraraq dövlət başçısı tərəfindən müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunub. Bununla da bütün hakim korpusunun 70%-dən çoxunu yeni, mütərəqqi qaydalarla seçilmiş hakimlər təşkil edib. Həmçinin, nəticədə məhkəmə sistemində mövcud vakansiyaların tam əksəriyyəti komplektləşib.

Həyata keçirilən qanunvericilik tədbirləri nəticəsində məhkəmələrdə baxılan işlərin sayı 20%-dək azalıb. Bununla yanaşı cari ildən əmr icraatları üzrə işlərə məhkəmədənkənar elektron qaydada baxılması, məhkəmə iclaslarının təyin edilməsi müddətlərinin dəqiqləşdirilməsi və təxirə salınması hallarının qanunla məhdudlaşdırılması, bəzi kateqoriya işlər üzrə sadələşdirilmiş icraatın təsbit olunması iş yükünün daha da azalmasına əsaslı zəmin yaradacaqdır.

Bütün bunlar məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına, işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcəkdir.

İclasda qeyd edilib ki, görülmüş tədbirlərə baxmayaraq, məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, xüsusilə korrupsiya, süründürməçilik, vəzifədən sui-istifadə halları tam aradan qaldırılmamışdır.

Ölkə başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi, bütün sahələrdə dürüstlüyün və şəffaflığın təmin edilməsi ilə bağlı tapşırıqlarını qeyd edən Şuranın sədri hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə qarşıda duran vəzifələri vurğulayıb. Yuxarı instansiya məhkəmələrinin diqqəti yol verilən pozuntulara cəlb edilməklə belə hallara qarşı prinsipiallığın artırılması diqqətə çatdırılıb.

2019-cu ildə 100-dən çox hakimin, o cümlədən Ali Məhkəmənin 22, apellyasiya məhkəmələrinin 38, birinci instansiya məhkəmələrinin isə 42 hakiminin fəaliyyətinin qiymətləndirilməsinin nəzərdə tutulduğu qeyd edilərək, tələbkarlığın, xüsusilə məhkəmə sədrlərinin məsuliyyət hissinin artırılması üzrə konkret tapşırıqlar verilib. Bildirilib ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə Şura tərəfindən 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib. 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.

Ümumiyyətlə isə Şuranın fəaliyyət göstərdiyi 2005-ci ildən hakimlər barədə 250-dən çox intizam icraatı başlanılıb, 122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla, o cümlədən, 14 nəfər intizam qaydasında, 74 nəfər səlahiyyət müddəti bitdiyinə görə, 34 nəfər isə yaş həddinə çatması ilə əlaqədar səlahiyyət müddəti uzadılmayaraq məhkəmə sistemindən kənarlaşdırılıb.

Ötən ilin sonunda paytaxtda və bölgələrdə bütün məhkəmə sədrlərinin və hakimlərin iştirakı ilə geniş müşavirələr keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər ətraflı təhlil olunub, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qəti şəkildə diqqətə çatdırılıb.

Məhkəmə-Hüquq Şurasının iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əsas "yol xəritəsi" olduğunu vurğulayıb, bu sahədə əlavə mexanizmlərin müəyyən olunduğunu və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib, yol verilən pozuntulardan ciddi nəticələr çıxarılmasının zəruriliyini bildirib.

Həmçinin, Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verdiklərinə görə Şabran rayon məhkəməsinin sədri Çingiz İsgəndərova, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Teymur Qurbanova, Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədova, Abşeron rayon məhkəməsinin hakimi Sevinc Quliyevaya, Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova və Xaçmaz rayon məhkəməsinin hakimi Vladimir Ruvinova töhmət verilib, Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Yaşar Həşimovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, habelə korrupsiyaya dair konkret faktların araşdırılıb hüquqi qiymət verilməsi üçün materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər