Teleqraf.com konfliktoloq Əvəz Həsənovla müsahibəni təqdim edir:
- Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla bu gün Vyanada keçirdiyi görüşlə bağlı təəssüratlarınız necədir?
- Görüş təbii ki, Dağlıq Qarabağ məsələsinə həsr olunmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın şəxsi yox, rəsmi görüşü idi. Azərbaycan və Ermənistanı maraqlandıran ortaq mövzu isə Dağlıq Qarabağ mövzudur. Ona görə də heç bir əlavə şərh olmadan hamı bu görüşün Dağlıq Qarabağ ətrafında müzakirənin olacağı kimi qələmə verirdi. Dünən bir neçə beynəlxalq mətbuatı nəzərdən keçirdim, “Hamının gözü Vyanaya Əliyevlə Paşinyanın görüşünə dikilib” tipli başlıq yayımlanmışdı. Bu, ona işarədir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəhayət, uzun müddət arasıkəsilən danışıqlar prosesinin getməsində maraqlı idı və onlar tam olaraq bu danışıqlar prosesində irəliləyişin olacağını düşünürdülər. Hesab edirdilər ki, Azərbaycan və Ermənistan rəhbərliyini də bu danışıqlar prosesinin davamlı və nəticəli olmasına həvəsləndirmək lazımdır. Ona görə də beynəlxalq ictimaiyyətin gözləntiləri həddən çox idi. Mənə elə gəlir ki, Azərbaycan və Ermənistanda da bu görüşdən gözləntisi olanların sayı çox idi. Paşinyan müxtəlif bəyanatlarla çıxış edərək, bəzən görüş və danışıqlar prosesinin məqsədlərinə uyğun olmayan təkliflər verirdi, lakin buna baxmayaraq, Ermənistanda da danışıqlarda ciddi nəticənin olacağına ümid edənlər vardı. Onların fikrincə, Ermənistanın baş naziri dəyişəndən sonra beynəlxalq ictimaiyyətin rəsmi İrəvana verdiyi güvən krediti bitib, bunu artırmaq üçün intensiv danışıqlara ehtiyac var. Azərbaycan rəsmiləri də danışıqlar prosesinə inanırdılar. Azərbaycan tərəfinin də müəyyən gözləntiləri vardı. Çünki artıq beynəlxalq cameə hər iki tərəfdən qəti nəticə istəyir. Bu isə o deməkdir ki, danışıqlar prosesi irəli gedəcək, münaqişənin həllində nə isə dəyişikliklər olacaq.
- Paşinyanın bir neçə dəfə irəli sürdüyü separatçıların danışıqlara cəlb olunması, format dəyişikliyi təklifləri rədd edildi. Bu fikirlərə rəğmən, ona ümid varmı?
- Bu bəyanatlara rəğmən, Azərbaycan tərəfi ümid edir ki, danışıqlar davam olacaqsa, Ermənistan bu münaqişənin uzanmasından yorulduğunu hiss edəcəksə, irəliləyiş olacaq. İstənilən halda irəliləyiş Azərbaycana sərf edir. İrəliləyiş Azərbaycan torpaqlarının azad olunmasından başlayır. Təbii ki, cəmiyyətlər konsensus üzərində fikirləşirlər. Burada söhbət təkcə bizim cəmiyyətin yumşalmasından getmir. Həm də söhbət Ermənistan cəmiyyətinin yumşalmasından gedir. Faktiki olaraq Ermənistanın yeni hakimiyyəti fərqli hərəkət nümayiş etdirir. Ona görə də cəmiyyəti də yumşaltmaq lazımdır ki, Paşinyan hakimiyyətinin Sərkisyandan fərqli, yumşaq hərəkətini həzm edə bilsin. Azərbaycan danışıqlar prosesinin getməsində ona görə maraqlıdır ki, Ermənistan rəhbərliyi münaqişənin həllində öz cəmiyyəti ilə razılığa gələ bilsin.
- Paşinyanın illərdir sosial şəbəkələrdə davam edən qarşılıqlı təhqiramiz söyüşləri dayandırıb, müzakirə edə biləcəyimiz mövzular haqqında danışmaqla bağlı çağırışı oldu. Sizcə, onun çağırışı hansı cəmiyyətə yönəlib?
- Məncə, birinci növbədə öz cəmiyyətinə, həm də bizim cəmiyyətə yönəldib. Eyni zamanda bu fikirləri sosial şəbəkə cameəsinə ünvanlayıb. Sosial şəbəkədə istifadəçilərinin bir çoxunun kimliyi bilinmir. O, daha çox həmin cameəni nəzərdə tutur. Nəticə etibarilə istəyir ki, Ermənistan cəmiyyətində sülhün əldə olunmasına yönəlik atdığı addımlar söyüşlə qarşılanmasın. Çünki özü cəmiyyət tərəfindən ciddi təzyiq altındadır. Dağlıq Qarabağ klanı ilə yanaşı radikal qüvvələr Paşinyanın etdiyini qəbul etmirlər, onun özünü təhqir və tənqid edirlər. Bu çağırış həm də onlara mesajdır ki, siz bu söyüşlərdənsə, normal müzakirələri açın, mənə də bunun nəticəsini göstərin, ondan bəhrələnib hansısa addımlar ata bilim. Bu, doğrudan normal bir şeydir. Bizim hökumətin də demək olar istəyi ondan ibarətdir ki, sosial şəbəkələr sağlamlaşsın. Sosial şəbəkələr təkcə Qarabağ deyil, istənilən mövzuda qaragüruh səviyyəsindədir, normal müzakirə aparmaq, alternativ rəy bildirmək mümkün deyil. Hücum edib dərhal söyüş yazırlar, “qırmızı xətt”i keçirlər. Bəzən adamlar sosial şəbəkədə hansısa ağıllı müzakirə aparmaqdan çəkinirlər, fikirləşirlər ki, onsuz da bəhrəsi yoxdur, sosial şəbəkələr qarayaxanlar, söyüş söyənlər tərəfindən zəbt olunub.
- Ermənistan baş nazirinin bəyanatlarının böyük hissəsi danışıqlar prosesinin pozulmasına yönəldiyi üçün Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Siz isə onun çağırışına müsbət yanaşdınız. Bu kontekstdə Paşinyan nə dərəcədə səmimidir?
- Paşinyan bizim xoşumuza gələn bəyanat versə, onu Ermənistan cəmiyyətində devirərlər. Ümumi prosesə xeyir verən bəyanat verib, eləcə də ümumi prosesi irəli apara biləcək görüşə gedir. Paşinyan görüşlərdən qaçıb ən müxtəlif variantlar fikirləşsə də, yenə görüşə gəlir. Paşinyan Azərbaycanın xoşuna gələn nə deyə bilər? Deyir ki, prosesi aparmaq, danışıqlara getmək, cəmiyyəti yumşaltmaq lazımdır. Jurnalist və vətəndaş cəmiyyəti içərisindən çıxdığı üçün o, ictimai yükün məsuliyyətini başa düşür. Anlayır ki, cəmiyyət onun verdiyi qərarın əleyhinə çıxacaqsa, ictimaiyyətin təzyiqi altında irəliləyiş mümkün olmayacaq. Ona görə də cəmiyyətin dəstəyini almaq istəyir. Bəzən ictimaiyyətin əlinə oynayuır, öz reytinqindən istifadə edib mesajlar göndərir. danışıqlar prosesinin getməsinə sərfəli olan çoxlu addımlar atır. Burada ciddi maneə yoxdur.
- Qarabağ mövzusunda çıxışlarından sonra Payşinyanın siyasətdə “piyada” olduğu rəyləri genişləndi. Onun siyasi görüşləri barədə Sizin qənaətiniz necədir?
- Peşəkar siyasətçi doğulmur, siyasətdə öyrənir. Paşinyan uzun müddət jurnalist, parlamentin deputatı, fraksiya rəhbəri olub. O, Ermənistan hakimiyyətini meydandan qansız ələ keçirən siyasətçidir. Təbii ki, dövlət idarəetmə sahəsində ola bilsin, təcrübəsi kifayət qədər deyil. Ancaq strategiya qurulması istiqamətində fəaliyyət göstərən siyasətçi kimi bacarıqlıdır. Strategiya qura biləcək siyasətçi kimi reytinqini də hələ itirməyib. Onun Dasğlıq Qarabağla bağlı etdiklərinin arxasında təcrübəsizlik nümayiş etdirdiyi görünür. Amma bunu da qeyd etmək lazımdır ki, separatçıları danışıqlar masasına dəvət etmək təklifi ətrafında özünə taktika seçmişdi, çünki ona vaxt udmaq lazım idi. Bu müddət ərzində Paşinyana daxildə vəziyyəti normallaşdırılmasında imkan yaradılması üçün Azərbaycan hökuməti təmkinli siyasət yürütdü. İndi hər iki tərəfdə daha düzgün siyasi taktikanın olduğunu görürük.
- Son vaxtlar xalqıların sülhə hazırlanması barədə çox danışılır, ancaq real addımların şahidi olmuruq...
- Faktiki olaraq real addımlar atılır, lakin biz onları nəzərdən qaçırırıq. Məsələn, Paşinyan öz ictimaiyyətinə və sosial şəbəkə istifadəçilərinə müraciət etdi ki, gəlin, söyüşdən əl çəkək. Bu, bir addımdır. Paşinyan müxtəlif bəhanələrlə danışıqlar prosesini uzatsa da, Azərbaycan tərəfinin danışıqlar prosesinə getməsi xalqları sülhə hazırlamağın bir addımıdır. Ermənistanın ictimaiyyət nümayəndələrinin, jurnalistlərin Bakıya səfəri olacaqsa, yaxud Bakıdakı jurnalistlərin Ermənistana səfəri demək olar həmin prosesin başlanğıcı deməkdir. Fikrimcə, hakimiyyət başa düşəcək ki, danışıqlar prosesində ictimaiyyətin dəstəyini almaq üçün onlarla işləmək, birgə Qarabağ müzakirəsini təşkil etmək lazımdır, televiziya belə müzakirələrə açıq olmalıdır. Həmin müzakirələr emosional və radikal tonlarda olmamalıdır, daha çox təhliledici və nəticə əldə olunmağa yönəlməlidir. Bütün bunlar xalqların sülhə hazırlanması prosesinə rəvac verə biləcək. Artıq xalqları sülhə hazırlamaqdan danışırlar. Hakimiyyət bunu özü üçün prioritet hesab edirsə, ilk növbədə xalqla televiziya, ictimai müzakirə vasitəsilə ünsiyyət qurulmalıdır. Müzakirələrin konturları arasında indiyə kimi Madrid prinsipləri çərçivəsində razılaşmalar olmalı, adamlar həmin prinsiplər ətrafında fikir mübadiləsi aparmalıdır. Mübadilə nəticəsində onların rəyləri eşidilməlidir, əldə olunan rəylər hakimiyyətin öz işini asanlaşdıracaq. Yəni xalq artıq məsələni müzakirədən keçirdiyi, həzm etdiyi üçün hakimiyyət üçün sabah qərar qəbul edəndə xalqdan dəstək almaq çətin olmayacaq.