Tale onu Azərbaycana qarşı İstanbulda qurulmuş məhkəmədə şahid qismində çıxış etməyə vadar etmişdi. 1921-ci il iyul ayının 18-də, gecə saat 23 radələrində İstanbulda Perepalas otelinin yaxınlığında erməni terrorçu Misak Torlakyan Azərbaycan Cümhuriyyətinin ilk daxili işlər naziri, mühəndis Behbud xan Cavanşiri qətlə yetirir.
Həmin dövrdə İstanbul ingilis işğalçı güclərinin idarəçiliyi altında idi. 1921-ci il avqustun 18-də işğal qüvvələrinin komandanı general Harrinqtonun əmrinə görə, qatil hərbi məhkəmədə mühakimə edilir.
Məhkəmənin gedişində məlum olur ki, burada təkcə Behbud xanın öldürülməsi məsələsi və qatil Torlakyanın mühakiməsi deyil, həm də 1918-ci il Bakı hadisələri təftiş edilir.
İstanbulda ingilis işğalı altında baş tutan məhkəmədə türklərin qələbə qazanması mümkünsüz idi. 1922-ci il yanvar ayının 4-də biabırçı məhkəmə hökmü elan edilir: Misak Torlakyanın cinayəti affekt halında törətməsi iddia edilir və o, azad olunur. Nəticədə qatil Amerikaya qaçırılır və uzun illər orada yaşayır.
Ermənilər bu məhkəmə prosesinə mükəmməl hazırlaşmışdılar. İngilislərin də onların tərəfində olması nəticədə Behbud xanın qanının yerdə qalmasına səbəb oldu.
Təəssüf ki, o dövrdə Azərbaycan Cümhuriyyəti işğal edildiyi üçün məhkəmədə Azərbaycan tərəfdən iştirak edəcək şəxslər az idi. Onlar mühacir Şəfi bəy Rüstəmbəyli, Əhməd Həmdi Qaraağazadə, tələbə Səməndər bəy və Behbud xanın yaxınları idilər.
***
Məhkəmədə şahid qismində iştirak edən Əhməd Həmdi bəy özü haqqında bunları deyir:
“Adım Qaraağazadə Əhməd Həmdidir. Türkəm. Əvvəllər Azərbaycan Məclisi-Məbusan üzvlərindən olmuşam. İstanbulda Mahmudiyyə küçəsindəki 27 saylı evdə yaşayıram. Cavanşiri tanıyıram və ona yaxşı bələd idim... 1918-ci ilin may ayında Azərbaycan hökuməti qurulan zaman Cavanşir daxili işlər naziri oldu. Mən o zaman Gəncədə idim. Müsavat partiyası demokrat və istiqlal qayəsini əsas tutan bir partiya idi... Mən Müsavat partiyasının üzvlərindənəm”.
Həmdi bəy çıxışında Bakıdakı hadisələr barədə dolğun bilgilər deyib, müdafiə vəkilinin suallarına cavabında özü haqqında məlumat verib: “Mən rus təbəəliyində olmuş bir türkəm. Türk dilində nəşr edilən “Azərbaycan” qəzetinin baş yazarı idim. Bu qəzet əvvəlcə Gəncədə çap olunurdu... Qəzetin Bakıda nəşrə başlamasından üç ay sonra orada məqalələr yazmağa başladım. Çünki o zamana qədər xəstə idim”.
Təəssüf ki, Azərbaycan Cümhuriyyətinin parlamentinin üzvü, “Azərbaycan” qəzetinin baş yazarı Əhməd Həmdi bəy haqqında geniş tədqiqat işi aparılmayıb. Onun “Azərbaycan” qəzetindəki məqalələri bir araya toplanılmayıb, eləcə də bioqrafiyası geniş şəkildə yazılmayıb.
***
“Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi mətbuat orqanlarının əməkdaşı olan Əhməd Həmdi bəy Azərbaycan Milli Şurasının üzvü olub. Parlament təsis edildikdən sonra isə bu qurumda təmsil olunub.
Qaraağazadə mətbuatda “Ə.”, “Ə.H.”, “Ə.Həmdi”, “H.”, “Həmdi” kimi imzalarla çıxış edib.
Qaraağazadəyə aid şəxsi kolleksiyamızda nadir bir foto var. Bu foto Məhəmmədəmin Rəsulzadənin mühacirətdə çap etdiyi “Azəri-Türk” dərgisində Əhməd Həmdi bəy haqqındakı yazısındakı fotonun eyni nüsxəsidir. Çünki foto sahibindən imzalıdır və qəzetdə də həmin foto dərc edilib.
Fotonun üzərində bunlar yazılıb: “Rəfiqəmə pünhan və nisyansız bir xatireyi-məhəbbət. 1921
27/11/(19)18
Qaraağazadə
İmza: Əhməd Həmdi
***
Əhməd Həmdi bəy haqqında ən təfsilatlı məlumatı da məhz “Azəri-Türk”dən öyrənirik. Jurnalda onun haqqında müxtəlif yazılar dərc olunub. Bu yazılardan biri onunla Zaqafqaziya Seymində, Parlamentdə bərabər mücadilə aparmış Məhəmmədəmin Rəsulzadənin “Əməkdaş haqqında” yazısıdır.
Həmin yazı belədir:
Əməkdaş haqqında
“Həmdi bəyi itirdik. İsmaliyyə binasının altındakı Yıldırım mağazasının arxa dükanına sığışan “Açıq söz” idarəsini xatırladım. Həmdini ilk dəfə orada gördüm. O, Batumdan, yoxsa Tiflisdən yeni gəlmişdi. Dərhal anlaşdıq. Ruhumuza aşina və çox möhtac olduğumuz xüsusiyyətə malik bir arkadaş bulduq. “Açıq söz”ün çıxar-çıxmaz gürcü qonşularımız arasında, mətbuatında əks-səda oyandıra bilməsi ancaq Həmdi bəy sayəsində olmuşdur. Onun “İstiqlal” qəzetindəki məfkurəçilik rolu da unudulamaz. “İstiqlal” qəzetəsinin başlığı altındakı “insanlara hürriyyət, millətlərə müsavat” şüarını ilk bulub tövsiyə edən odur.
Qafqazdakı müsəlman hərəkatına Bakının ötədən bəri mərkəz olduğu məlumdur. Həmdini Batumdan Bakıya çəkən cazibə də bu idi. Sonra ümmət dövrünə aid təsəvvürlər millət dövrünə aid xüsusiyyətlərə mövqeyini tərk eyləmiş, Bakı Azərbaycan türkçülüyünün mehrabı olmuşdur. Bu dövrdə məfkurələri bir tərəfdən dini islamçılıq, digər tərəfdən rus demokrasisi miqyasında sosialistlik olan bəzi münəvvərlər Müsavatın türkçülüyündən və Azərbaycan şüarının elanından diksinmiş ikən Əhməd Həmdi bu məfkurəni mənimsəmiş və “İstiqlal” qəzetəsinin məsul bir mühərriri olacaq qədər bu qayəyə isinmişdir.
Sonra Həmdi ilə Seymdə, Şurayi-Millidə, Məbusanda bərabər bulunmuş bütün bu müəssəsələrdə kəndisini dissiplinə tabe olan bir firqə adamı olduğunu əmsali ilə müşahidə etmişəm.
Mühacirətdə də Həmdi Həmdiliyində qalmışdır. Onun İstanbul mətbuatı vasitəsilə Azərbaycan davasına aid nəşr etdirdiyi məqalələr Azərbaycan davasına məxsus nəşr vasitələrinin mövcud olmadığı bir zamanda vuku bulur.
Həmdinin çox ağır günlər və ehtiyac içində yaşadığını bilirdim. Bu ehtiyacına rəğmən möhtac arxadaşlar üçün ianə toplandığı zamanda kəndisini şayani-əmsal bir surətdə digərlərinə nümunə olduğunu xatırlayıram.
Həmdi milli hökumət zamanında hökumət və ya məbusən üzvlüyündə olub, istila üzərinə mücadiləni davam etdirmək məqsədilə xaricə çıxan Azərbaycan millətçilərindən həyatı tərk etmiş ilk qurbandır.
Əziz arxadaşımın, qiymətdar vətəndaşımızın və sevimli əməkdaşın bu fəci vəfatı qarşısında duyduğum təəssür əziz əməllərinə qovuşmayıb kamsız ölən yaxın bir qardaş haqqında duyulan acı təəssürdür. Bu təəssür yalnız mənim deyil,
Həmdini tanıyan bütün arxadaşlarındır.
Bu təəssür izalə deyil, yalnız təlafi edəcək bir şey varsa, o da Həmdinin təqdis etdiyi ideala sədaqət və fəraqətlə xidmətdir”.
Rəsulzadə Məhəmmədəmin”
Ə.Həmdi mühacirətdə “Yeni Kafkasya” jurnalı ilə əməkdaşlıq edib. Jurnalın 24-cü sayında onun “15 sentyabr 1918” adlı məqaləsi var. Məqalədə Həmdi bəy 15 sentyabr hadisəsini belə xatırlayır: “İslam ordusu komandanı Nuru paşa həzrətləri sevimli siması ilə Bakıya girərkən minlərlə xalq ona qəlbdən və vicdani-millidən qopan hörmətlə baş əyir, digər tərəfdən vüqarlı və ciddi duruşu dərin bir etimad təlqin edən gözləriylə Mürsəl paşa da sürəkli alqışlarla qarşılanır, böyük fədakar və qəhrəman vətənpərvər şəhid Nazim bəy də əl üstündə gəzdirilir, bütün türk ordusu xalqın minlərlə alqış tufanıyla türk oğlu türk vətənini, Bakını ziyarət edirdi”.