BMT nümayəndəsi ölkəmizdəki qaçqın və məcburi köçkünlərdən danışdı
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatlarının və icma əsaslı təşkilatların potensialının artırılması” layihəsi çərçivəsində Ağcabədi rayonunda şəhər toplantısı keçirilib.
BAMF-ın informasiya departamentindən Teleqraf.com-a verilən məlumata görə, toplantıda Ağcabədi rayon icra hakimiyyətinin başçısının müavini Əbülfət Tapdıqov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov, BAMF-ın sədri Umud Rəhimoğlu, BAMF-ın departament rəhbəri Ayaz Nizamioğlu iştirak edib. Həmçinin yerli icra strukturlarından, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin yerli nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağcabədi rayon şöbəsinin nümayəndələri də tədbirə qatılıblar. Toplantıda layihə haqqında ümumi məlumat verildikdən sonra layihənin təqdimatı olub.
Təqdimatdan sonra Ağcabədidə məskunlaşan məcburi köçkünlər üzləşdikləri problemləri səsləndiriblər. U.Rəhimoğlu və yerli icra strukturunun nümayəndələri köçkünlərin suallarını cavablandırıblar. Toplantıda qaldırılan problemlərin həlli yolları ilə bağlı təkliflər də irəli sürülüb. Eyni zamanda layihə fəaliyyətinin gücləndirilməsi üçün biznes, kənd təsərrüfatı və təhsillə bağlı təlimlərin daha da genişləndirilməsi müzakirə olunub.
Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov da çıxış edib. O, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işindən də danışıb: “Biz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə ciddi əlaqələr qurur, onlarla yaxından əməkdaşlıq edirik. Bu da çox faydalı olur. Bir faktı da qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi problemlər xaricdəki məcburi köçkünlərin üzləşdiyi problemlərdən azdır. Bu da onun nəticəsidir ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub”.
Səxavət