Ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında, İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tələbələrə ekokönüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.
Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər. Bu da gənc könüllülərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.
Qeyd edək ki, bugünədək “Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna 300-dən çox gənc qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri ətraf mühitin qorunması istiqamətində birgə təbliğat aparmağa, “Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna qoşulmağa və əməkdaşlıq etməyə çağırır.
Nazirliyin nümayəndələri tərəfindən ekokönüllü proqramı çərçivəsində təqdimatlar digər ali məktəblərdə də davam etdirilir.