15 İyun 2019 13:12
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda əhalinin hüquqi maarifləndirilməsi istiqamətində məlumatlandırma sessiyası keçirilib. Tədbirdə rayonun ərazisində məcburi köçkün qəsəbəsində məskunlaşan 37 nəfər iştirak edib.

Tədbirdə çıxış edən xidmət rəhbəri Xalid Kazımov həyata keçirdikləri fəaliyyətlə bağlı iştirakçılara məlumat verib. X.Kazımov paytaxt və regionlarda əhalinin aztəminatlı hissəsinə ödənişsiz hüquqi yardım göstərdiklərini vurğulayıb:

“Region sakinlərinin hüquqi yardıma əlçatanlığını təmin etmək üçün regionlara səfər edərək əhali ilə birbaşa görüşlər keçiririk. Bundan başqa “qaynar xətt” xidməti (0702902299) yaradılıb. Həmçinin, “Facebook”, “İnstagram” və “WhatsApp” vasitəsilə vətəndaşların müraciətlərin qəbul edərək hüquqi məsləhətlər veririk. Bakı şəhəri və Bərdə rayonunda təşkil edilən ofislərdə də ehtiyacı olanlara pulsuz hüquqi yardım göstərilir.

Müraciət edənlərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilir. Həmçinin, məhkəmələrə iddia ərizələrinin hazırlanması ilə bağlı hüquqi yardım göstərilir. Ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi, dövlət qurumlarına sorğu və müraciətlərin göndərilməsində vətəndaşlara köməklik göstərilir.

Hüquqşunas Ağdam, Tərtər, Goranboy və Yevlax rayon sakinlərinə, bu rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlərə hüquqi yardım göstərmək üçün ayda bir dəfə həmin ərazilərə səyyar səfərlər edirlər. Xidmət çərçivəsində mayın sonunadək 61 nəfərə birbaşa hüquqi yardım göstərilib, 14 nəfərin məhkəmədə müdafiəsi təşkil edilib. Həmçinin, yaradılan “qaynar xətt”, “Facebook”, “İnstagram” və “WhatsApp” vasitəsi ilə 26 nəfərə hüquqi məsləhətlər verilib. Daxil olan müraciətlərin əksəriyyəti alimentin ödənilməməsi ilə bağlıdır. Bu sahədə paytaxtda nisbətən regionlarda vəziyyət daha çətindir. Bu istiqamətdə fəaliyyətimizi qarşıdakı aylarda da davam etdirəcəyik”.

X.Kazımov bildirib ki, fəaliyyət Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində həyata keçirilir.

Daha sonra məruzə ilə çıxış edən hüquqşünaş Yaşar Ağazadə Azərbaycan qanunvericiliyinin vətəndaşlara verdiyi sosial müdafiə imkanları ilə bağlı iştirakçılara məlumat verib: “Vətəndaşlar bir çox hallarda hüquqlarını tam bilmədikləri üçün problemlərlə qarşılaşırlar: “Əhalinin sosial müdafiəsini gücləndirmək üçün davamlı addımlar atılır. Ünvanlı Dövlət Sosial Yardımın alınması üçün müraciətlərin qəbulu və yardımın təyin edilməsi prossesi tam avtomatlaşdırılıb. Vətəndaşlar özləri də müvafiq elektron sistem üzərindən öz məlumatlarını daxil edib, yardım üçün müraciət edə bilərlər. Amma bundan öncə hər bir vətəndaş Ünvanlı Dövlət Sosial Yardımı verilməsindən imtinaya səbəb olan hallarla tanış olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində (sosial.gov.az) bu barədə ətraflı məlumat verilib. Bundan başqa müharibə veteranları və şəhid ailələrinin həm mənzil, həm də avtomobil növbələri ilə bağlı siyahılar hər kəs üçün açıqdır. 2019-cu yanvarından pensiyalar şəxsin müraciəti olmadan pensiya hüququ yaranan gün elektron qaydada təyin edilir. Pensiya təyin olunan şəxsə məbləğ, bank kartını əldə edəcəyi bank, vaxt barədə “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir. Amma hər bir halda vətəndaşlar öz hüquqularının təminatını gücləndirmək üçün həm də bu fəaliyyətlər üzərində ictimai nəzarət həyata keçirməsi effektivdir”.

Daha sonra məruzəçi qanunvericiliyin vətəndaşlara verdiyi hüquqlarla bağlı ətraflı məlumat verib və müvafiq elektron resurslardan istifadəni iştirakçılara əyani nümayiş etdirib.

Tədbir zamanı iştirakçılara, həmçinin ərazidə məskunlaşan məcburi köçkünlərə qanunvericiliyin ölkə vətəndaşlarına verdiyi sosial, təhsil və səhiyyə hüquqlarının əks olunduğu “Hüquq hamı üçün” adlı buklet paylanılıb. İştirakçıların sualları cavablandırılıb və ehtiyacı olanlara hüquqi yardım göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər