17 İyul 2019 19:54
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə güclü külək nəticəsində Şəki Xan Sarayının qarşısındakı çinar ağacının qırılması nəticəsində baş verən qəza Bakı sakinləri arasında da həyəcanla qarşılandı. Paytaxt əhli də bu cür faciələrdən sığortalanmayıb, desək yanılmarıq. Çünki küləklər şəhərində nəhəng və yaşlı ağaclar kifayət qədərdir.

Şəkidə baş verən hadisədən sonra redaksiyamıza yaşlı ağacların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yerləşən bir neçə yaşayış evinin üzərində təhlükə yaratdığı və aidiyyəti qurumların buna etinasız yanaşdıqlarına dair şikayət məktubu daxil olub.

Şikayəti yerində araşdırmaq üçün deyilən ünvana üz tutduq.

“Hadisəsinin təkrarlanmasını istəmirlərsə...”

Kərəm İsmayılov küçəsi, ev 3, mənzil 1A-da yaşayan sakin Xuraman Məmmədyarova dedi ki, həyətdəki yaşlı ağac illərdir ki, damının üzərinə əyilib, bununla bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, nəticəsi yoxdur.

Müsahibimin sözlərinə görə, hər fəsil onlar üçün qorxulu keçir: ”Həddindən artıq yaşlı olan bu ağac küləkli günlərdə bizə sözün əsl mənasında cəhənnəm əzabı yaşadır. Qışda bəzən gecələr güclü külək olur, səhərə qədər dua edirik ki, qəza olmasın. Ailədə körpə uşaqlar var, onlara xətər dəyəcəyindən ehtiyatlanırıq”.

Şəki hadisəsindən sonra həyəcan içində yaşadıqlarını bildirən Xuraman Məmmədyarova: “Orada insanların yaşadıqları bizim başımıza gəlməmiş müvafiq orqanlar addım atsa yaxşı olar”- deyə əlavə etdi.

“Rəsmi şəxslər gəldi, amma vəziyyət dəyişmədi”

Məmmədyarovanın qonşusu Günel Şahmuradova isə bildirdi ki, sakinlər adından kollektiv müraciət ünvanlasalar da, bir neçə rəsmi şəxsin gəlib baxış keçirməsi vəziyyəti dəyişməyib: “Dolu, leysan yağanda ürəyimiz ağzımıza gəlir ki, bu dəqiqə ağaclardan biri evimizin üzərinə aşacaq, qaçıb canımızı da xilas edə bilməyəcəyik”.

“Kütləvi şəkildə ağaclar kəsilir, yerinə obyektlər ucaldılır, amma...”

Elza İbrahimovanın sözlərinə görə, yaxınlıqda hər hansı obyekt tikiləndə, göydələn ucaldılanda yamyaşıl, cavan ağaclar kəsilir, aşma təhlükəsi olan ağaclara etinasız yanaşılır: “Hər hansı obyekt tikintisi olarsa, ağac kəsiminə göz yumulur. Bizim müraciətlərimiz isə cavabsız qalır. Halbuki bu ağacların yaşı ötüb, ciddi təhlükə mənbəyidir. Bəzən rəsmi şəxslər gələndə yerlibazlıq edir. Haralı olduğumuzu soruşanlar belə olub, lap məəttəl qalmışıq. Hər birimiz azərbaycanlı deyilik? Naxçıvanlı, lənkəranlı, nə fərqi var, haralıyam?!”

Məsələ ilə əlaqədar əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciət etdik. İdarənin nümayəndəsi Sevinc Ərəbxanova bildirdi ki, şikayət üzrə Rayon İcra Hakimiyyətinə müraciət ünvanlanmalı, o qurumdan da idarəyə müvafiq müraciət daxil olmalıdır: “Bizə Suraxanı Rayon İcra Hakimiyyətindən müraciət daxil olduqdan sonra şikayət araşdırıla bilər”.

İcra hakimiyyəti iddiaları rədd etdi – “Müraciət olmayıb”

Suraxanı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Altun Quliyev adıçəkilən ünvandan müraciət daxil olmadığını vurğuladı: “Sakinlər ilk növbədə bizə müraciət etməli, onların müraciətləri əsasında da biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə məktub yollayırıq. Bu qurum müvafiq qərar verdikdən sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin uyğun sərəncamı əsasında Rayon İcra Hakimiyyəti olaraq məsələyə baxılır”.

A.Quliyev redaksiyamızdan şikayətçi sakinlərin adlarını və ünvanlarını istədi: ”Zəhmət olmazsa, Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət ediklərini deyən şəxslərin adlarını və ünvanlarını bizə təqdim edin ki, biz də ora adamlarımızı göndərək”.

Problemi diqqətdə saxlayacağıq


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər