Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının informasiya və yeni texnologiyalar üzrə direktor müavini, diaspor sahəsi üzrə ekspert Elnur Eltürk Teleqraf.com saytının qonağı olub.
Müsahibimiz Azərbaycan diasporunun əsas qayğılarından danışıb. Qeyd edib ki, hazırda diasporumuzun əsas problemi diaspor təşkilatlarının, ayrı-ayrı ayrı fərdlərin birləşə bilməməsidir. O, əlavə edib ki, buna baxmayaraq, bu gün Azərbaycan diasporunda fədakar, vətənpərəvər, ölkəmizi şərəflə, ləyaqətlə təmsil edən insanların sayı çoxdur və onların sayı getdikcə artır. Elnur Eltürk hesab edir ki, həmin insanların sayəsində diasporda mövcud olan problemlər, qayğılar tədricən öz həllini tapacaq.
Elnur Eltürk azərbaycanlıların yaşadıqları cəmiyyətlərə inteqrasiyasının vacibliyini vurğulayıb. Deyib ki, soydaşlarımız yaşadıqları cəmiyyətə inteqrasiya etməsələr, həmin cəmiyyətlərin ictimai-siyasi, sosial, mədəni mühitində aktiv rol oynaya bilməzlər. Bu istiqamətdə də problemlər olduğunu vurğulayan müsahibimiz yeni nəslin yaşadıqları cəmiyyətlərin ictimai-siyasi mühitində aktiv rol oynadığını söyləyib:
"Ötən il İsveç ali qanunverici orqanına keçirilən seçkidə iki azərbaycanlı bacı qələbə qazandı. Almaniyada da yerli qanunverici orqanlarda azərbaycanlılar təmsil olunurlar. Biz artıq Amerika məhkəmələrində azərbaycanlı hakimlərin olmasına dair məlumatlar eşidirik. Dünya Bankında isə departamentlərdən birinə soydaşımız rəhbərlik edir".
Həmsöhbətimiz virtual ensiklopediya – "Vikipediya"nın Azərbaycan versiyasının zənginləşdirilməsi istiqamətində görülən işlərdən də danışıb. AMEA Mərkəzi Elmi Kitabxanasında "Vikipediya" üzrə aktiv iş aparılması tarixinin 2,5 il olduğunu deyən Elnur Eltürk kitabxanada "Vikipediya" Metodik Mərkəzinin qurulduğunu, bu günədək virtual ensiklopediyaya ümumilikdə 10 mindən artıq məqalənin yerləşdirildiyini söyləyib. Qarşı dövrdəki planlar haqqında danışan Elnur Eltürk sentyabr ayından etibarən işlərin daha da sürətlənəcəyini deyib. Xüsusilə universitetlərdə "Vikipediya" mərkəzlərinin yaradılmasının planlaşdırıldığını vurğulayıb.