29 İyul 2019 16:10
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar demək olar ki, hər gün suda boğulmalarla bağlı xəbərlər eşidirik. Ən dəhşətlisi isə insanlarımızın qrup halında boğulmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, bu xəbərlər hamı kimi onun da ürəyini ağrıdır:

“Mən Mingəçevirdə Kür çayının qırağında böyümüşəm. Uşaq vaxtlarından üzmək öyrənmişəm, bütün üzgüçülük növlərini bilirəm. İlk dəfə 12 yaşımda Kürü üzüb keçmişəm, 13 yaşımda isə bir erməni ilə mərc gəlib, Kürü o taya keçib o dəqiqə də geri üzmüşəm. İndi də pis üzmürəm.

Bütün bunlara baxmayaraq sudan qorxuram. Çünki su zarafatı və ehtiyatsızlığı heç zaman bağışlamır”.

A.Mirzəzadə qeyd edib ki, suda boğulan insanlar bir qayda olaraq ya zəif üzürlər, ya içkili vəziyyətdə olurlar, ya da üzmək üçün yararsız yerdə suya baş vururlar:

“Faciənin nəticəsini isə ömrü boyu boğulanın yaxınları çəkirlər. Boğulanlar bir qayda olaraq yeniyetmə və gənclərdir. Hər boğulan gənc xanım haradasa ərə getməyən bir ismətli qız, anadan olmayan azı iki nəfər uşaq, ömrü boyu faciənin ağrısını çəkən valideynlər, bacı-qardaşlar deməkdir”.

Deputat sonda gəncləri su ilə zarafat etməməyə, onları özlərini qorumağa çağırıb, gənclərin cəmiyyət üçün qiymətli olduğunu bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər