2 Avqust 2019 19:25
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təəssüf ki, son 10-15 il ərzində həm Azərbaycanın, həm də Türkiyənin bəlli bir zümrəsində tarixdən başlamış mədəniyyətə kimi hər şeyə dinçi və məzhəbçi müstəvidən yanaşmaq kimi olduqca təhlükəli bir tendensiya formalaşıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, tarix boyu türk imperiya və dövlətləri arasında ixtilaflar baş verib və bu da həmin dövrün dünyagörüşü çərçivəsindən dəyərləndirildikdə, normal qəbul olunmalıdır:

“İmperatorlar - sultanlar, şahlar, xanlar öz ərazilərini genişləndirmək və üstün güc olmaları üçün müharibələr aparardılar. Bir qrup adam Səfəvi-Osmanlı ixtilafına məzhəb müstəvisindən yanaşmaqla, Türkiyə cəmiyyətinə və ərəb dünyasına saxta bir təəssübkeşlik nümayiş etdirir. Amma o zaman başqa suallar çıxır ortalığa: Sultan İldırım Bəyazidlə Əmir Teymur arasında ki, məzhəb ayrıseçkiliyi yox idi, o zaman onlar niyə qarşı-qarşıya gəldilər? Yaxud nədən özbək qardaşlarımız Şeybanioğulları xanlığının Xətai tərəfindən süquta uğradığından danışmırlar? Çünki düşüncələri, təfəkkürləri yerindədir. Saxta dinçi zehniyyətlə xəstələnməyiblər.

Sizi əmin edirəm, əgər Xətai Çaldıranda qalib gəlsəydi, bu gün saxta osmanlı təəssübkeşlərinin heç biri bu mövzuda danışmayacaqdı.

Necə ki, Əmir Teymurun İldırım Bəyazidi əsir götürməsindən bir kimsə danışmır. Deməli, Xətainin ən böyük günahı məğlubiyyətidir.

Türkiyənin türk dünyasından qopardılması və ərəb səhralarına sürüklənməsi bir qrup türk düşməninin arzusudur və təəssüf ki, belələri hələ də islah olunmayıblar. Onlar yaxşı bilirlər ki, Türkiyə neo-osmanizmlə nə Mərkəzi Asiyaya, nə də Qafqaza girə bilməyəcək. Çünki gah Əmir Teymur çıxacaq ortalığa, gah Xətai, gah da başqa birisi...

Təəssüf ki, türk birliyini arzulamayanlar da bundan məharətlə istifadə edirlər.”.

Elçin Mirzəbəyli hesab edir ki, nə Azərbaycan, nə də Orta Asiya türklərinin yaddaşından onların imperiya qurmaq və idarə etmək potensialını yox etmək, qan yaddaşlarını silmək mümkün olmayacaq: “SSRİ kimi nəhəng imperiyanın amansız ideoloji maşını belə bunu bacarmadı. Heç kim bizdən və Orta Asiya türklərindən “əzik” toplum düzəldə bilməyəcək. Bunu, Türkiyə türkcəsində desək, bəziləri qafalarına qoysunlar artıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər