Ölkənin istehlak bazarında qiymət artımının müşahidə olunduğu barədə müxtəlif iddialar mövcuddur. Ancaq son vaxtlar sosial şəbəkələrdə və saytlarda özünə yer tapan bu cür məlumatlarla, yəni ölkədə qiymət artımının müşahidə olunmasına dair qeyd olunan fikirlərlə razılaşmaq mümkün deyil. Çünki biz də hər şeydən əvvəl Azərbaycan Respublikasının vətəndaşıyıq. Yəni, biz də istehlakçı, satış şəbəkələrindən müxtəlif məhsulların alıcısıyıq. Ticarət şəbəkələrinə gedərək ərzaq və digər məhsullar alırıq. Mən ixtisasca iqtisadçıyam. Hər hansı məhsul alarkən qiymətləri də təbii ki, müqayisə edirəm. Bu müqayisə zamanı malların qiymətində heç də artım görmürəm.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin istehlak bazarında qiymət artımının həyata keçirilməsi üçün əsaslar da yoxdur:
“Bunu şərtləndirən ən mühüm amil Azərbaycanın milli valyutasının sabit olmasıdır. Artıq neçə illərdir ki, inflyasiya minimum həddədir. Xarici valyutaların, o cümlədən ABŞ dollarının manata nəzərən məzənnəsi sabitdir və manat get-gedə daha da möhkəmlənir. Belə bir şəraitdə hər hansı qiymət artımından danışmaq da düzgün deyil”.
A.Badamov onu da bildirib ki, bəzi KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə və “Yutub” videohostinqində qiymət artımı ilə bağlı əsassız məlumatlar yayılır. Deputatın fikrincə, belə məlumatlar əhali arasında süni narazılıq yaratmaq məqsədi daşıyır:
“Bu yazılarla mən də tanışam. Ölkəmizdə on minlərlə ticarət obyekti var. Ola bilsin ki, hansısa satış obyektində hansısa işbaz süni qiymət artımına yol verib. Bunu ümumiləşdirib bütün ölkəyə aid etmək doğru yanaşma deyil axı… Onu da xüsusi qeyd etmək lazımdır ki, süni qiymət artımına qarşı mübarizə cənab prezidentin diqqətində olan məsələdir. Dövlət başçısı keçirdiyi müşavirələrdə dəfələrlə süni qiymət artımının yolverilməzliyi, bu sahədə hər hansı manipulyasiyanın qarşısının alınması və səbəbkarların cəzalandırılması barədə fikirlər səsləndirib və əməli addımlar atıb”.
Bununla belə A.Badamov qeyd edib ki, qiymət artımı heç də süni amillərlə bağlı deyil, bunun obyektiv səbəbləri də var. Onun sözlərinə görə, müəyyən qiymət artımı ilk növbədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır:
“Buna misal kimi texnoloji avadanlıqları, gübrəni və sairəni göstərmək olar ki, onların qiymətində olan dəyişiklik də Azərbaycanda istehsal prosesinə öz təsirini göstərir”.
A.Badamov məsələnin nəzəri tərəfləri barədə də öz fikirlərini bölüşüb. O, qiymət artımlarına bütün dünyada iki cür baxışın mövcud olduğunu deyib:
“Bunlardan birinci makroiqtisadi, ikinci mikroiqtisadi amillərlə bağlıdır. Sahibkarlıq, infrastruktur, təşəbbüskarlıq inkişaf edirsə, heç kimə “malını filan qiymətə sat” demək olmaz. Amma istehsalçılar da buna uyğun olaraq rəqabət qabiliyyətli məhsullar istehsal etməlidirlər. Bununla da iqtisadi münasibətləri dəyişmək, özəl sektorun payını artırmaq mümkündür. Nəticədə qiymətləri aşağı endirmək olar. Bu, makroiqtisadiyyata aiddir. Mikroiqtisadiyyata gəlincə, ayrı-ayrı sahələrdə məhsulların qiyməti arta da, azala da bilər. Alternativ variantlar var, ona görə bəzi müəssisələr məhsullarının qiymətini artırır. Başqa bir sahə isə yenilik edib bir məhsul istehsalına start verib seçim yaradırsa, o zaman qiymət aşağı düşəcək. Dövlətin siyasətinin mahiyyətində insanların rifahını yaxşılaşdırmaq dayanır. Amma dövlət sahibkara deyə bilməz ki, qiyməti endir, dövlət sadəcə, təsir edə bilər”.