12 Sentyabr 2014 11:47
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının rəyi əsas götürülərək “Xalq nəzarəti və sahibkarlıq” qəzetinin adının MŞ-nin “qara siyahı”sına salınması məqsədəuyğun sayılıb. Teleqraf.com xəbər verir ki, bu barədə qərar MŞ-nin İdarə Heyətinin iclasında qəbul olunub.

MŞ-nin Şikayətlər üzrə Komissiyasının 5 avqust 2014-cü il tarixli iclasında “Mizrab” jurnalının ilk sayındaca peşə dəyərlərinə sayğısızlıq göstərdiyinə, əsasən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini, həmçinin qurumun müşaviri Rauf Aslanovu hədəf götürərək etik prinsipləri pozduğuna dair rəy çıxarılıb. İdarə Heyəti rəyi əsas tutaraq mətbu nəşrə gələcək fəaliyyətində bu kimi halların aradan qaldırılmasını tövsiyə edib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Aktual.az” saytı ilə əlaqədar müraciətinin müzakirəsində də Şikayətlər üzrə Komissiyanın rəyinə istinad edilib. Məlumat verilib ki, xəbər portalı narazılıq doğuran materialla bağlı qarşı tərəfin mövqeyinin təqdimatına hazırdır. Bu, şikayətçi tərəfi də qane etdiyindən məsələ qapanmış sayılıb.

İdarə Heyətinin iclasında Şəki şəhərində görkəmli Azərbaycan rejissoru Rasim Ocaqovun xatirəsinə həsr olunmuş sənədli filmlər festivalına hazırlıqla bağlı müzakirələr də aparılıb. MŞ-nin beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Mətbuat Şurası media quruluşları ilə yaxın təmaslara malik olduğundan Şura belə bir missiyanın gerçəkləşdirilməsini də həyata keçirə bilər. Festivalın oktyabr ayında təşkilinin mümkünlüyünü vurğulayan C.Feyziyev qarşıdakı müddətdə tədbirə hazırlığın vəziyyətinin yenidən müzakirə ediləcəyini, təkliflərin qruplaşdırılacağını deyib.

Mətbuat Şurası Azərbaycan mətbuatı ilə bağlı xarici ölkələrdə məxəzlərin ölkəmizə gətirilməsi istiqamətində də iş aparmaqdadır. Bunun üçün Mətbuat Şurasının tərkibində ayrıca Fondun yaradılması nəzərdə tutulur. Artıq “Şərqi rus”, “Həyat” və XX əsrin əvvəllərində işıq üzü görmüş digər nəşrlərin orijinal nüsxələri ölkəmizə gətirilib.

MŞ-nin İdarə Heyətinin üzvlərindən MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət türkdilli ölkələrin sənədli filmlər festivalını ölkə miqyaslı hadisə kimi dəyərləndirməklə tədbirin Azərbaycan tarixində mühüm rol oynamış qədim Şəkidə təşkilini əlamətdar cəhət kimi önə çəkiblər.


Müəllif:

Oxşar xəbərlər