Şəxsiyyət vəsiqəsi olmadan sosial şəbəkələrdə status yazmaq qeyri-mümkün ola bilər
Sosial şəbəkələrlə bağlı problemlər aktual olaraq qalır və bu məsələnin həll olunması üçün müxtəlif səviyyələrdə müzakirələr aparılır. Bu şəbəkələrdə qeydiyyatdan keçən saxta profillərin müxtəlif qeyri-etik şərhlər yazması narahatedici məqamlardandır. Artıq bununla bağlı tədbir görüləcəyi gözlənilir. Belə ki, nəticə olaraq saxta profillərin qarşısını almaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək lazım gələcək.
Millət vəkili Siyavuş Novruzov isə bu günlərdə verdiyi bir açıqlamada sosial şəbəkədə rəy yazmaq üçün şəxsiyyət vəsiqəsinin nömrəsinin yazılmasını təklif edib.
İnternet media və sosial şəbəkələrlə bağlı problemlər necə tənzimlənməlidir?
Rabitə və yüksək texnologiya nazirliyi, informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdri İsbəndiyar Əliyev bildirdi ki, Sosial şəbəkələrin yaratdığı fəsadlar, təhlükəlilik dərəcəsindən asılı olaraq, yerli qanunvericilikdə inzibati və daha ağır formalarda məsuliyyəti də nəzərdə tutula bilər: “Bütün bunlar bizim qanunvericilikdə var və bu, real dünyada baş verənlərlə bağlıdır. Ümumiyyətlə, istər real həyatda, istərsə də virtual dünyada edilən qanunsuz hərəkətlər dərəcəsindən asılı olaraq, eyni məsuliyyət, inzibati və ya cinayət məsuliyyəti yaradır.
Nazirlik rəsmisi qeyd etdi ki, Sosial şəbəkələrdə saxta profillərin qarşısını almaq üçün heç bir şey edə bilməzlər: “Saxta profillərin yaradılmaması üçün yalnız tövsiyə verə bilərik. Sosial şəbəkələrin öz siyasətləri var, onlara deyə bilmərik ki, bizimlə hər hansı bir layihə həyata keçirisin. Onlar da çalışırlar bu saxta profillər azalsın. Bunun üçün müəyyən addımlar atılır. Fikrimcə, insanların da istəkləri, arzuları sosial şəbəkələrə daxil olan zaman saxta profilləri görməməkdir. Gələcəkdə belə bir layihə üçün müraciət edə bilərik, amma bunun nə zaman reallaşacağı bilinmir”.
Kiməsə zərər vurmaq
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirdi ki, saxta profil problemi təkcə Azərbaycanda deyil, bütün dünyada var: “Saxta profillərin açılması o demək deyil ki, birmənalı şəkildə kiməsə zərər vurmaq üçün açılır. Elə, saxta profil var ki, hansısa bir adamın adından açılır və onun reklamı, təbliğat üçün istifadə olunur”.
O.Gündüz hesab edir ki, sosial şəbəkələr də 3-4 il əvvəllə müqayisədə təhqir, böhtan hədsiz azalıb. Bu tendensiya müsbətə doğru gedir, həm anonimlik azalır, həm də təhqir böhtan söyüş. Düşünürəm ki, saxta profillərlə bağlı hər hansı bir qanuna sərt addımlar atılmasına indi yox, 3-4 il əvvəl atılmalı idi. Çünki sosial şəbəkələrdə indi daha çox müzakirələr, diskusiyalar aparılır”.
Kibercinayətkarlıq
Ekspert vurğuladı ki, digər tərəfdən təhqir, söyüş varsa, kiminsə adından məlumatlar yayılırsa, bu, əlbəttə ki, qanun pozuntusudur: “Başqasının adından informasiya yaymaq, məlumatları mənimsəmək, şəxsi həyata müdaxilə kimi dəyərləndirilə bilər. Bu, artıq qanun pozuntusudur və belə profillər kibercinayətkarlıq hesab olunur. Yəni, bu, sosial media üzərindən həyata keçirilən cinayətdir. Real dünyada baş verən hüquqa zidd hərəkətlərdən fərqli olaraq, virtual dünyada bu, bir qədər fərqli fəaliyyət tələb edir”.
“İP”
O bildirdi ki, kibercinayətkarlıqla bağlı konversiya və bu konversiyaya qoşulan ölkələr var: “Şikayət, müraciət olanda bizim ölkənin kibercinayətkarlıqla bağlı müdafiə qrumları internet üzərindən tədqiqat aparırlar. Lazım gələndə digər ölkələrlə əlaqəyə girirlər. Bu “İP” ünvanın tapılması, haradan daxil olması və s. tələb edir. Bəzən elə olur ki, ölkəmizin hüquq mühafizə orqanları internet üzərindən əməliyyat axtarış tədbirləri apararaq bunu aşkara çıxara bilirlər. Amma istənilən halda bu, real dünya bir qədər çətin və mürəkkəb prosesdir. Hüquq mühafizə orqanlarında peşəkarlıq və yüksək texnologiya, həm də digər ölkələrlə qarşılıqlı əlaqələrinin güclü olmasını tələb edir”.
İmicə zərər
Ekspert hesab edir ki, Sosial şəbəkələrə girişin məhdudlaşdırılmasında perspektiv görmür: “İnzibati yollarla sosial şəbəkələrə girişin məh¬dudlaş-dırılmasında perspektivlik görmürəm. Azərbaycanda sosial medianın inkişafına bu addım bütövlükdə daha pis təsir edə bilər. Bəzi ölkələrdə buna bənzər addımlar var, amma belə addım elədə uğur qazanmayıb və ölkənin bu problemi həll olmur. Əksinə ölkənin imicinə zərər dəyir. Fikrimcə, bizdə ilk növbədə bu istiqamətdə maarifləndirici işlər aparılmalı, bunun fəsadları, qayda və qanun pozuntusu olması, bəzi hallarda isə ciddi məsuliyyət yaratması haqqında məlumatlar verilməlidir”.
İlhamə Əbülfət
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.