Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, həmçinin valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun “Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva əvvəlcə paytaxtın Sabunçu rayonunda 260 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Bu körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir. Bağçanın köhnə binası ötən ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub. Yeni bina 140 yerlik olmaqla, 7 qrupdan, musiqi-idman zalından, mətbəx, tibb otağı, camaşırxana və digər köməkçi otaqlardan ibarətdir. Bağça zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib. Ümumi sahəsi 2000 kvadratmetrdən çox olan bina havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.
Gələcəyimiz olan uşaqların xoşbəxt böyümələri, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaları işinə Azərbaycan dövləti xüsusi diqqət göstərir. Dövlət səviyyəsində bu istiqamətdə icra olunan layihələrə Heydər Əliyev Fondunun töhfələri də böyük əhəmiyyətə malikdir. Fondun təşəbbüsü və dəstəyi ilə indiyədək paytaxtla yanaşı, bölgələrimizdə də çoxsaylı körpələr evi-uşaq bağçası inşa edilib, təmirə ehtiyacı olanlar isə müasir səviyyədə yenidən qurulub.
260 saylı körpələr evi-uşaq bağçasının ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Binəqədi rayonundakı 141 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Körpələr evi-uşaq bağçası üçün bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Bina bağça kimi 1980-ci ildə ilk dəfə fəaliyyətə başlayıb və indiyədək təmir edilməmişdi. Beş min kvadratmetrdən çox ərazisi olan 3 korpusdan ibarət körpələr evi-uşaq bağçası təmirdən əvvəl 8 qrupda 150 uşağa xidmət göstərirdi. Yeni binada isə 210 yerlik körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Burada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları və digər otaqlar var. İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Məktəbəqədər təhsil müəssisəsində yeddisı Azərbaycan, dördü isə rusdilli bölmə olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərəcək. Körpələr evi-uşaq bağçasında 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 42 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlıqları da var. Bir sözlə, bu müəssisədə uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli lazımi şərait yaradılıb.
“Dalğa Beach” istirahət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşılayıblar. Nizami, Suraxanı, Xətai rayonlarının uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda unudulmaz anlar yaşayıblar.
Şənliyə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da qoşulublar.
Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak ediblər, isti yay günündə hovuzda üzüblər, onlar üçün hazırlanmış müxtəlif əyləncəli proqramlarla maraqlı vaxt keçiriblər, ətrafdakılarla sevinclərini bölüşüblər.
Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu növbəti dəfə balacalara unudulmaz anlar yaşadıb. Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu. Şənlikdə, ümumilikdə, 200-dən çox uşaq iştirak edib.