İqtisadi diversifikasiya müxtəlif ixrac istiqamətlərinin yaradılmasını tələb edir ki, bu da yeni tərəfdaşlarla əməkdaşlıq yolu ilə mümkündür. Son dövrlərdə Çin-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsi də bu zərurətin nəticəsidir.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırovun “Jamestown Foundation” tərəfindən nəşr olunmuş “Azərbaycanda iqtisadi diversifikasiya və onun geosiyasi təsirləri” adlı məqaləsində deyilir. Bildirilir ki, bu həm də Çinin Cənubi Qafqazda siyasi təsirini artırmağa şərait yaradır:
“Eyni zamanda Azərbaycan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bir çox ölkələrdə yaranmış borc problemləri ilə də yaxından tanışdır. Çinlə əlaqələrdə Azərbaycan bu amilləri də nəzərə alır”.
Müəllif qeyd edir ki, Azərbaycanda iqtisadi diversifikasiyaya təsir edən amillərdən biri də qeyri-neft ixracında qonşu ölkələrin, xüsusilə də Rusiya və Türkiyənin payının çox olmasıdır:
“Qeyri-neft sektorunda ən böyük paya sahib olan kənd təsərrüfatı mallarının böyük hissəsi məhz bu ölkələrə ixrac edilir. Lakin bu asılılığı aradan qaldırmaq asan deyil. Belə ki, yerli ixracatçıların yeni bazarlara cəlb edilməsi və məhsulların keyfiyyət və xüsusiyyətlərinin yeni bazarlara uyğunlaşdırılması zaman tələb edir. Ona görə hələ də ölkələr baxımından ixracda diversifikasiyanın yüksək səviyyəsi əldə edilməyib”.
Qeyd olunur ki, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük də iqtisadi diversifikasiyanın sürətləndirlməsi üçün səmərəli vasitələrdən biri ola bilər:
“Lakin Azərbaycan ÜTT-nin kənd təsərrüfatına yönəldilən subsidiyaların əhəmiyyətli dərəcədə azaldılması tələbini qarşılamaq istəmir. Ona görə ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı əmək bazarının 36%-ni özündə cəmləşdirir və yerli məhsullar hələ ki keyfiyyət və qiymət baxımından xarici məhsullar ilə rəqabət aparmaq gücündə deyil. Bu şərtlər daxilində Azərbaycan hələ ki, ÜTT-yə qoşulmaq niyyətində deyil, çünki bu ölkəyə xarici təsirləri artırmaqla siyasi və iqtisadi sabitliyi poza bilər”.
Müəllif əlavə edir ki, iqtisadi diversifikasiya mürəkkəb bir prosesdir və bu istiqamətdə gediləcək uzun yol var, buna görə də hələ ki, iqtisadiyyatın neft və qaz sektorundan asılılığı mövcuddur: “Hazırda baş verməsi proqnozlaşdırılan qlobal iqtisadi böhran neftin qiymətlərinin azalmasına imkan yaradacaq, bu da qeyri-neft sektorunun inkişaf etdirilməsinin əhəmiyyətini daha da artırır. Buna görə də qeyd edilən baryerlərin mövcudluğu şəraitində diversifikasiya siyasətinin həyata keçirilməsində Azərbaycanın üzərinə çətin vəzifə düşür. Bununla yanaşı o da qeyd edilməlidir ki, Azərbaycanın diversifikasiya istiqamətində iqtisadi inkişafı dəstəkləyən bir çox strateji addımlar atıb”.