15 Sentyabr 2019 22:37
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, final görüşünə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Milli Olimpiya Komitəsinin Baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar baxıblar.

Turnirin həlledici görüşündə “Elite Horse & Polo Club Baku” (Azərbaycan) və “Los Nocheros Polo Club Münster” qarşılaşıblar. Bu dəfə də yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb - 15:4. Komandamızın heyətində Elçin Camallı (9), Tərlan Qurbanəliyev (4), Rəşad Həsənov və Namiq Orucov fərqləniblər.

Almaniyanın “Los Nocheros Polo Club Münster” ikinci, İsveçrənin “Evviva Polo Club St. Moritz” üçüncü, Rusiyanın “Planernaya Polo Club Moscow” komandası isə dördüncü yeri tutub.

Daha sonra dünya kubokunun qalibi olan komandamız mükafatlandırılıb. Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan komandamıza turnirin kubokunu və qiymətli hədiyyələr təqdim edib. Turnirin ən yaxşı oyunçusu komandamızın poloçusu Elçin Camallı seçilib.

Turnirin bütün oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilib.

Qeyd edək ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər