18 Sentyabr 2019 10:47
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son günlər bizə olunan müraciətlərdə sosial evlərin bir qisminin kirayə kimi təklifi məsələsi üstünlük təşkil edir. Belə ki, əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, sosial evi güzəştli şərtlərlə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə kimi təklif edərək qazanc əldə etməyə çalışır:

“Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir. Təbii ki, burada Mənzil İnşaatı Dövlət Agentliyini (MİDA) günahlandırmaq doğru olmaz. MİDA mənzilləri inşa edir və sosial ipoteka krediti ilə satışını həyata keçirir.

Aydındır ki, agentlik mənzilə sahib olan şəxsdən evi kirayə verməməyi tələb edə bilməz. Sosial ipoteka kreditlərinə əldə etmək üçün başqa mənzilə sahib olmaq məhdudiyyət yaratmadığı üçün bəzi hallarda bir neçə evi olanlar da sosial evləri alıb əlavə qazanc götürməyə çalışırlar. Amma sosial evlərin fəlsəfəsi evi olanlara əlavə mənzil vermək deyil, evsizləri mənzil ilə təmin etmək olduğundan bu evlərin kommersiya məqsədi ilə istifadəsi nəinki arzuolunandır, əksinə yolverilməzdir.

Nəticədə, belə hallarda evsiz vətəndaş mənzil sahib olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yardır, evlərinin sayını artıraraq kirayədən gəlir əldə edir”.

Vüqar Bayramov hesab edir ki, belə halların qarşısının alınması mümkündür:

“Əvvəlla, evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır.

İkincisi, qanunvericiliklə agentliyə mənzilləri təyinatı üzrə istıfadəyə nəzarət hüququ verilməlidir. Doğrudur, iddia oluna bilər ki, mənzildən necə istifadə etmək ev sahibinin hüququdur. Amma nəzərə almaq lazımdır ki, sosial evlər dövlər vəsaiti hesabina inşa edilir və evlərə sahiblik sosial ədalət əsas prioritet olaraq qalmalıdır. Belə mexanizm isə sosial evlərin gəlir mənbəyinə çevrilməsinin minimumlaşdırar. Bütün bunlar isə gələcəkdə sosial evlərin kirayə təklif edən internet səhifələrini “bəzəməsinin” qarşısını ala bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu