27 Sentyabr 2019 12:09
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın Qadınlar Şurasının təşəbbüsü ilə “Ailə və cəmiyyət: məsuliyyət və ənənə” mövzusunda dəyirmi masa keçirilib.

Teleqraf.com xəbər verir ki, dəyirmi masada ölkədə fəaliyyət göstərən siyasi partiyaların, qadın təşkilatlarının, YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatları qadınlar şuralarının sədrləri iştirak ediblər.

Dəyirmi masada çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Azərbaycanda ailəyə həmişə "kiçik dövlət" deyilib:

“Biz Azərbaycan qadınları qürurla deyə bilərik ki, ailənin möhkəmlənməsində qadınların xüsusi rolu var. Ölkədə vətəndaş cəmiyyətinin qurulmasında da qadın QHT-lər müstəsna şəkildə iştirak ediblər. Bu gün bir ailədəki çağırışların cəmiyyətə sızması biz qadınları narahat edir. Azərbaycan qadını xalqın tarixində mühüm rol oynayıb. Belə bir deyim var, insan atadan yetim qalmır, anadan yetim qalır. Qədim türklər “Qadın haqqı Tanrı haqqıdır” deyiblər. Onlar qadın haqqını Tanrı haqqı kimi dəyərləndiriblər. Bütün büynəlxalq təşkilatların sənədlərində bir qadına qarşı zorakılıq bütün qadınlara qarşı zorakılıq kimi qiymətləndiirlir. Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. 1979-cu ildə qəbul edilən BMT konvensiyasının bu il 40 illiyidir. Qadınlarla bağlı Azərbaycanda da xeyli qanunlar qəbul edilib. Biz də o sənədlərdən çıxış edərək deyirik ki, bir qadının hüququnun pozulması bütün qadınların hüquqlarının pozulmasıdır. Qadın hüququları insan hüquqlarının fövqündədir”.

Məlahət İbrahimqızı deyib ki, belə bir tədbirin keçirilməsini daha əvvəl nəzərdə tutublar:

“Sadəcə, bu günlərdə bir qadına qarşı edilən haqısızlıq, verilən işgəncə bu tədbiri bir qədər də tezləşdirdi. Bu partiya bizimlə rəqib vəziyyətdədir. Amma qadın məsələsinin dəyəri qlobal olduğu üçün biz bu məsələyə siyasi partiyanın məsləsi kimi baxmırıq. Azərbaycan mətbuatında imzası olan bir qadına uzun illər aqressiyanın olması, işgəncə verilməsi digər qadınları narahat etməyə bilməz. Ona görə də biz qadın hüquqları məsələsində həmrəy olmalıyıq. Təsəvvür edin, hakimiyyətə gəlmək iddiasında olan bir partiyanın rəhbərliyində təmsil olunan bu şəxsləri 3-4 qadının işlədiyi bir idarəyə rəhbər qoysalar, həmin idarədə qadınların günü necə olar? Bu mənada biz qadınlar hər zaman həmrəy olmalıyıq. Bütün sahələrdə öz sözümüzü deməliyik”.

Milli Məclisin deputatı əlavə eidb ki, bir var bu hadisə hansısa ucqar dağ kəndində olsun, bir də var siyasi partiyanın funksionerinin ailəsində baş verin:

“Zalımın zülmünə göz yummaq zalımlıq etmək qədər günahdır. Neçə illərdir bu ailədə zorakılıq olub. Biz buna səssiz qala bilmərik. O şəxs bütün Azərbaycan qadınlarından üzr istəməlidir”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, gündəmi məşğul edən bu hadisə bütün Azərbaycana şamil edilə bilməz:

“Azərbaycan ailəsində həmişə sevgi və sayğı olub. Ata-ana da özündən böyüklərə hörmətlə yanaşıb. Bu hadisə bizim ailə obrazını ifadə edə bilməz. Bu hadisə məni çox üzdü. Bunu ona görə müzakirə edirik ki, siyasi bunlar hakimiyyətə iddialı insanlardır. Belə bir adamların ailəsində bu cür hadisələrin baş verməsi cəmiyyət üçün təhlükəlidir.

Bu qızımız oturub Avropada, oradan oyazır. Bunu bizim dostumuz da, düşmənimiz də körükləyir. Onlar deyirlər ki, Azərbaycan ailəsi belədir. Biz dünyaya bildirməliyik ki, əslində belə deyil. 1236-cı ildə Hindistanda Babur dövlətinin nümayəndəsi Sultan İltutmuş üç oğlu olmasına baxmayaraq, qızı Raziyə Sultanı taxta çıxarıb. Bu bizim kökümüzün qadına münasibətidir. Buna dair nə qədər istəsəniz örnək verə bilərik. Bu adam qadına, qızına bu qədər zorakılıq edib. Demək, ailədə nələrsə düz olmayıb. Biz buna qarşıyıq. Bir siyasi iqtidara iddialı bir adamın bu qədər zalım olması məni ürküdür. Amma təəccüblənmədim. Çünki onlardan bəzi şeylər çəkmişəm. Nə o qız, nə də o ata bizim millətimizi təmsil edir. Ailədə güvən, bir-birinə inam olar. Bizim qadınımız bu gün dünyada ən gözəl şeyləri haqq edir”.

"Müharibə Veteranları Qadınlarına Sosial Dəstək" İctimai Birliyinin sədri Radə Abbas qeyd edib ki, Fuad Qəhrəmanlını hələ uşaq vaxtlarından tanıyır:

“O, görünüşcə sakit adamdır. Amma sonradan mənə məlum oldu ki, ailədə zorakılıq edir. Mən Fuad Qəhrəmanlını qınayıram. Amma o evin qadını Fuadı yola gətirə bilərdi. Niyə gedib Avropadan Azərbaycanı ləkələyirlər? Azərbaycan kişiləri arasında qadına qarşı zorakılıq edənlər var. Mən Fuad Qəhrəmanlı qədər onun qızını da qınayıram. Ona “ar olsun” deyirəm. Niyə bir ailə daxilində 4 adam bir-birini idarə edə bilmədi? 27 ildir əsirlikdə olan qadınlar var, Təcavüzə uğrayan, onlardan uşaq dünyaya gətirən qadınlar var. Əgər Avropada bunları demirsə, demək o vətən xainidir”.

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı bildirib ki, məsələni müzakirə edəndə uşaqlara yüklənmək lazım deyil: “Doğrudan da ağrılı bir mövzudur. Məhz buna görə biz bu məsələni bu qədər müzakirə edirik. Xahiş edirəm, bu məsələnin müzakirəsi zamanı uşaqlara yüklənməyək. Başa düşürəm o, travmalı bir gəncdir, amma nəzərə alın ki, o, valideynlərinin - o atanın, o ananın əsəridir. Yəni, siz təsəvvür edin ki, o qız danışmasaydı, biz o ailədəki zülmdən heç xəbər tutmayacağdıq. Ona görə də düşünürəm ki, burada o uşaqdan deyil, məhz atadan və anadan danışmalıyıq. O uşaqların travmalı böyüməsinə görə məsuliyyəti ata-ana daşıyır”.

Aynur Camalqızı hesab edir ki, bu, məişət hadisəsi deyil, ictimai-siyasi məsələdir:

“Bu məişət hadisəsini törədən adam hakimiyyətə iddialı bir partiyanın faktiki ikinci şəxsidir. Düzdür, o, partiya sıralarından istefa verdiyini dedi, amma mən bunu kağız üzərində istefa hesab edirəm. Yəqin ki, o, elə o partiyada qalacaq, fəaliyyətinə davam edəcək. Mən bu fikirdəyəm ki, o qadının, qız uşaqlarının şiddətə məruz qalmasına göz yuman partiyanın rəhbərləri mütləq həmin o xanımdan, onun övladlarından, bütövlükdə Azərbaycan xanımlarından üzr istəməlidirlər. Düşünürəm ki, bu, onların boynunun bocudur”.

Aynur Camalqızının sözlərinə görə, şiddət və zorakılıq baş verən ailələrdə travmalı uşaqlar böyüyür:

“Biz niyə məişət zorakılığına qarşıyıq? Baxın, biz indi sosial şəbəkələrdə bəzi insanlardakı qəddarlığı, amansızlığı, təhqirə, söyüşə meyilliliyi görürük, amma səbəblərini bilmirik. Bunların hamısının kökü ailədən gəlir. Mütləq çalışmaq lazımdır ki, bu yöndə maarifləndirmə işi artırılsın. Media, partiyalar, QHT-lər bu istiqamətdə daha çox iş aparmalıdır ki, ailələrdə şiddət, zorakılıq olmasın. Çünki bu, bütöv bir nəsli məhv və şikəst edir, onların travmalı uşaqları yaxşı heç nə vəd etmir. Ona görə də düşünürəm ki, biz bu məsələdə son dərəcə diqqətli olmalıyıq. Ata haqda kifayət qədər danışıldı, deyilən fikirlərin hamısını bölüşürəm, amma eyni zamanda düşünürəm ki, o uşaqların travmalı böyüməsində həm də ananın çox ciddi günahı var. Çox adam qınadı ki, 18 yaşlı bir gənc atası haqda niyə o ifadələri işlətdi? Amma siz fikir verdinizsə, o uşağın anası ölkədə kifayət qədər tanınmış əmisi Əhəd Abıyev haqqında mediada aşağılayıcı ifadələr səsləndirdi. Açığı, təəccüblənmədim ki, onun böyütdüyü övlad öz atası haqda niyə elə danışır. Deməli, bu uşaqlar bu ananın tərbiyəsi ilə böyüdüyü üçün belədirlər. Kifayət qədər ağrılı, utancverici məsələdir və düşünürəm ki, bu cür nümunələrin olmaması üçün toplumda maarifləndirici işlərə çox geniş yer verilməlidir. Bu məsələdə vətəndaş cəmiyyətinin üzərinə çox böyük yük düşür. Mən bu tədbirdə həm medianı, həm də qeyri-hökumət təşkilatını təmsil edirəm. Media rəhbəri kimi sizə dəstək verməyi öz üzərimə götürürəm”.

“Demokratik Cəmiyyət” Qadın Hüqularının Müdafiəsi İctimai Biriliyinin sədri Mehriban Abbasquliyeva ailələrdə baş verən zorakılıqların qarşısını almaq üçün sivil boşanmanın zəruri olduğunu vurğulayıb:

“Qadın anlamalıdır ki, əgər kişi sənə bıçaq çəkibsə, demək, günün birində vuracaq. Ona görə də vaxtında sivil qaydada boşanmaq laızmdır”.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılaova qeyd edib ki, 2016-cı ildə Azərbaycanda məişət zorakılığına dair qanun qəbul edildiyi halda, ABŞ-da belə bir qanun yoxdur.

Digər çıxış edənlər də Fuad Qəhrəmanlının baş verənlərə görə bütün Azərbaycan qadınlarından üzr istəməsinin vacibliyini bildiriblər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Nəzakət Məmmədova isə tədbirin çox önəmli, aktual məsələyə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması, ailədə şiddət, zorakılıq, xüsusilə qadınlara qarşı zorakılıq müzakirəsi çox vacib olan məsələdir:

“Yeni Azərbaycan Partiyasına təşəkkür edirəm ki, siz bu məsələdə aktivlilk göstərirsiniz. Çoxlu sayda partiyanı, ictimai təşkilatı bu tədbirə dəvət etməklə cəmiyyətdə fikir plüralizminin olduğunu, ictimai müzakirələrə önəm verildiyini sübut edirsiniz. Prezident İlham Əliyev də hələ 2003-cü ildə andiçmə mərasimində hər bir azərbaycanlının prezidenti olacağını bildirmişdi. Bu mənada hətta müxalif mövqedə olsa, müxalifətçi ailə olsa belə Azərbaycan vətəndaşı, azərbaycanlı xanımlar olmasını nəzərə alıb bu xanımların da hüquqlarının qorunması bizim üçün vacib məsələlərdən biridir. Yeni Azərbaycan Partiyası bu tədbiri təşkil etməklə göstərdi ki, siyasi baxışlarına baxmayaraq bütün vətəndaşlara eyni cür yanaşır, eyni münasibəti göstərir. Bu baxımdan tədbir çox önəmlidir”.

Nəzakət Məmmədova qeyd edib ki, Avropa dəyərlərini, Avropaya inteqrasiyanı, demokratiya məsələlərini ön plana çəkən, fəaliyyətində əsas şüara çevirən bir siyasi partiyanın funksionerlərinin Avropa dəyərlərinə, ümumiyyətlə insan hüquqlarına zidd olan davranışları, heç şübhəsiz, tənqid olunmalıdır:

“Təqdirəlayiq hal odur ki, cəmiyyət bu hadisəyə çox adekvat reaksiya verdi. Bunu şiddətlə qınadı. Bu, təqdirəlayiq bir hal kimi qiymətləndirilməlidir. Yəni, cəmiyyətimiz bu cür məsələlərə biganə qalmır. Dövlət də kimliyindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən müxalif baxışlara malik vətəndaşların hüquqlarını qoruyur. Onların problemlərini ictimai müzakirəyə çıxarır. Bu da təqdirəlayiq hal kimi qeyd olunmalıdır”.

Nəzakət Məmmədova bildirib ki, qadın hüquqlarının, ümumiyyətlə ölkədə insan hüquqlarının qorunmasına diqqət dövlət siyasətinin qayəsini təşkil edir:

“Bugünkü müzakirələr də bunun bir göstəricisidir. İstər ölkə daxilində, istər xaricdə, istərsə də müxalif mövqeyindən asılı olmayaraq dövlət heç bir vətəndaşının problemlərini diqqətdən kənarda qoymur. Siyasi partiyaların, ictimai təşkilatların, vətəndaş cəmiyyəti institutlarının da bu cür həmrəylik nümayiş etdirməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Yəni, cəmiyyət bu cür məsələlərdə həmrəylik göstərir və bunu şiddətlə qınayır”.

Foto: Ceyhun Rəhimov


Müəllif: Səxavət

Oxşar xəbərlər