Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsində üzrlü səbəblərə görə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün sentyabrın 20-də sınaq qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulub. Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Artıq bu həftədən başlayaraq sınaq qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil müəssisələrinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcəkdir. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaqdır.
Qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərdə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyunda Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin ilk sınaq qiymətləndirilməsi keçirilib.