30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində Mədəni Mükiyyətin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (İKKROM) Baş Assambleyasının 31-ci sessiyası keçirilir. Sessiyada Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədovanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Teleqraf.com-un məlumatına görə, baş Assambleyanın sessiyaları iki ildə bir dəfə Roma şəhərində baş tutur və tədbirdə üzv dövlətlərin hökumət nümayəndələri, eləcə də mədəni mülkiyyətin qorunması və bərpası ilə məşğul olan mütəxəssisləri iştirak edir. Baş Assambleya İKKROM-un ümumi prinsiplərinin müəyyən edilməsi, iş və büdcə proqramının təsdiq edilməsi, maliyyə qaydalarının qəbul edilməsi, həmçinin Şura və Katibliyin fəaliyyəti ilə bağlı hesabatların və Nizamnaməyə dəyişikliklərin təsdiq edilməsi kimi mühüm funksiyaları yerinə yetirir.
Əsas mövzusu “Mədəni irsin dekolonizasiyası” olan builki Assambleyada İKKROM-un 2020-2021-ci illər üzrə İş və Büdcə Proqramlarının təsdiq edilməsi, həmçinin İKKROM-un Şurasına 12 yeni üzvün seçilməsi nəzərdə tutulur.