13 Noyabr 2019 16:28
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il büdcəsində sosil yükün artırılması, bu il başlanan sosial paketin növbəti ildə də davam etdirilməsi çox müsbət hadisədir.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Əli Məsimli Milli Məclisin iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Əli Məsimli əlavə edib ki, demoqrafik qocalmaya məruz qalan ölkələr müxtəlif üsullardan istifadə edərək çalışırlar ki, daha çox az adam təqaüd alsın. Onun sözlərinə görə, MDB məkanında da buna rast gəlinir:

“Rusiyada əhalinin 30 faizi pensiyaçıdır. Azərbaycanda isə bu rəqəm 13 faiz təşkil edir. Amma Azərbaycanda daha çox az adamın pensiya alması, alanların daha az məbləğ alması istənilir. Bu yaxşı konsepsiya deyil. Çalışmaq lazımdır ki, yaşlı insan üçün pensiya almaq əl çatan olsun. Azərbaycanda pensiya yaşının 65 olması artıq faktdır. Amma elə sahələr var ki, xüsusilə qadınlar ziyanlı işlərdə işlədiyi üçün onların bu yaşda təqaüdə çıxması doğru deyil. Bəzən deyirlər ki, müəllimlər və həkimlər pensiyaya çıxmaq istəmir, daha çox işləmək istəyirlər. Amma nəzərə alaq ki, hamı müəllim və həkim deyil. Bir sıra ölkələrdə 70 yaşından yuxarı təqaüdçülərə əlavə ödəmələr olur. Mən bu praktikanın Azərbaycanda tətbiq edilməsini təklif edirəm”.

Əli Məsimli əlavə edib ki, işsizliyə görə müavinətin verilməsinə baxanda görürük ki, qeydiyyata 20 min insan alınır: “Lakin daha az adama işsizliyə görə müavinət verirlər. Haradasa 100 adamdan 6 adama müavinət verilir. Bu simvolik məna daşıyır. Məncə, bu məsələyə yenidən baxılmalıdır”.

Son zamanlar mətbuatda uşaq pulu məsələsinin qaldırıldığına diqqət çəkən deputat xatrırladıb ki, hökumət bu məsələyə konkret cavab verməyə tələsmir: “Yeni doğulan uşaqlara 105 manat birdəfəlik müavinat verilirdi, indi bu məbləğ 200 manat olub. Amma yeni doğulan körpələrin xərcləri daha çoxdur. Mən təklif edirəm ki, yeni doğulan körpələrə bibaşa 500 manat verilsin. Azərbaycan büdcəsi 27 milyard manatdır və bunun üçün böyük məbləğ tələb olunmur”.


Müəllif: Cavad