25 Noyabr 2019 17:56
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirliyi tərəfindən təşkil olunan “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, nazirliyin tabeliyindəki DOST Agentliyində müsabiqənin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

Tədbirdə çıxış edən nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Şiddətin rəngi” adlı rəsm müsabiqəsini də bununla əlaqədar təşkil edib. Məqsəd məişət zorakılığı anlayışı, məişət zorakılığı, o cümlədən qadına qarşı zorakılıq hallarının doğurduğu mənfi nəticələr barədə yeniyetmə və gənclər arasında məlumatlılığın artırılmasına xidmət edir. Eyni zamanda, müsabiqənin məqsədi yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsidir.

B.Hüseynov diqqətə çatdırıb ki, əvvəlcədən müəyyən olunmuş şərtlərə uyğun olaraq müsabiqə 15 - 29 yaşlarında şəxslərin yağlı boya ilə akvarel, quaş, qrafika və s. texnikalarla hazırladıqları və məişət zorakılığının mənfi nəticələrini, bu zorakılığa məruz qalmış qadının iztirablarını əks etdirən rəsm əsərlərini əhatə edib.

Həmçinin o da qeyd edilib ki, 103 nəfər müsabiqəyə rəsm əsərini təqdim edib.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Həmzə Abdullayevin və Azərbaycan Rəssamlıq Akademiyasının baş müəllimi fəlsəfə doktoru Bəxtiyar Yusifovun da iştirak etdiyi münsiflər heyəti tərəfindən həmin rəsm əsərlərinin qiymətləndirilməs aparılıb və müsabiqənin qalibləri müəyyən olunub.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında icra olunan sosial xidmət layihələrinin bir istiqaməti də məişət zorakılığından zərər çəkmiş şəxsləri əhatə edir.

Sonra müsabiqənin qaliblərinə diplom və pul mükafatları (1-ci yer üzrə 1 nəfərə 500 manat, 2-ci yer üzrə 2 nəfərin hər birinə 300 manat, 3-cü yer üzrə 3 nəfərin hər birinə 200 manat) verilib. Həmçinin həvəsləndirici yerlər üzrə 5 nəfərin hər birinə diplom və pul mükafatı (100 manat) təqdim edilib.

Tədbirin yekununda müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgiyə baxış olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər