Multimedia Mərkəzi tərəfindən İnformasiya Cəmiyyətinin Jurnalisti Proqramı çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” Layihəsi həyata keçirilir və “Onlayn Media” müsabiqəsi təşkil olunur.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, müsabiqədə ölkədə informasiya cəmiyyətindən, elektron hökumət quruculuğundan, elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi prosesini araşdırıb yazan, ümumiyyətlə İKT-nin müxtəlif sahələrdə tətbiqindən yazan jurnalistlər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazıların onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar) və s) dərc olunması vacibdir.
Yazı mətninin həcmi 4.500 – 5.500 işarə arasında olmalıdır. Müsabiqəyə 1 sentyabrdan 15 noyabrdək dərc edilən materiallar qəbul olunur. Materialların qəbulu 20 noyabr 2014-cü il tarixədək həyata keçiriləcək.
Qiymətləndirmə, nəticələrin elan olunması və mükafatlandırılma mərasimi noyabr ayının sonuna planlaşdırılır.
Qanuna zidd məlumatlar yerləşdirilən, milli əxlaq və ənənələrə uyğun olmayan yazılar müsabiqəyə buraxılmır.
Başqa layihə çərçivəsində hazırlanan materiallar, həmçinin kommersiya və reklam məqsədilə hazırlanan materiallar qəbul edilmir.
Müsabiqəyə təqdim olunan materialın orjinalı Azərbaycan dillində çap edilmiş olmalıdır.
Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir. Münsiflərin verdiyi ballar əsasında ümumi bal çıxarılır. Münsiflər heyətinin verdiyi qərar həlledicidir və apelyasiya qəbul edilmir. Bir münsif üzvünün verdiyi səslərin digər üzv tərəfindən görülməsinə imkan verilmir. Münsiflər heyəti üzvlərinə aidiyyatı olan yazılar müsabiqəyə buraxılmır.
Müsabiqədə toplanan balların sayından asılı olaraq 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyən olunur. Qaliblər xüsusi prizlərlə, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Qalib gələn yazılar layihənin saytında (www.telim.org) dərc olunur. Təşkilatçılar tərəfindən informasiya cəmiyyətinin digər xüsusi nominasiyaları da müəyyən oluna bilər.
Müsabiqənin təxmini mövzuları:
1. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu;
2.Ölkidə İKT -nin, mobil texnologiyaların inkişafı;
3.Elektron hökumət və vətəndaş cəmiyyəti;
4.Elektron xidmətlərin analizi;
5.Elektron xidmətlərə keçid;
6.Konkret sahələr üzrə (təhsil, mədəniyyət, turizm, biznes, elm, səhiyyə və s.) elektron xidmətlərin analizi;
7.Elektron hökumət sahəsində qanunvericiliyin təhlili;
8.Elektron hökumət və informasiya təhlükəsizliyi;
9.Vətəndaşlar elektron hökumətə hazırdırlarmı;
10.Onlayn və offlayn xidmətlərin təsnifatı. İctimai və sosial əhəmiyyətli xidmətlər;
11.Açıq hökumət təşəbbüsü;
12.Elektron xidmətlər və sosial media;
Müsabiqəyə aşağıdakılar təqdim olunmalıdır:
- Müsabiqəyə təqdim olunan yazının onlayn resursdakı linki və text formatda fayl.
- İnformasiya subyektinin adı və dərc olunma tarixi qeyd olunmaqla müsabiqə iştirakçısı haqqında məlumat (telim.org saytında qeydiyyat bölməsində xüsusi formada doldurulur).
Təqdim olunmuş yazılar qiymətləndirilərkən aşağıdakılara üstünlük verilir:
- materialın mövzuya aidliyi;
- jurnalistin sahə üzrə peşəkarlığı;
- materialın aktuallığı;
- sosial əhəmiyyəti;
- obyektivliyi;
- dolğunluğu və əhatəlilik;
- sosial mediada paylaşmaq imkanı və s.
Həmçinin müsabiqə çərçivəsində Tvitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin sahibləri- mikrobloqçular olacaq.
Müsabiqə çərçivəsində olan bu tip tvitlər 1 sentyabrdan 15 noyabradək müddətdə yalnız #ehokumət həştəqi vasitəsilə yazılmalıdır:
Həmçinin layihə çərçivəsində tələbələr arasında Twitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.
Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil, distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini Twitter şəbəkəsində açıqlayırlar. Müsabiqə çərçivəsində olan bu cür tvitlər 1 sentyabrdan 15 noyabradək olan müddətdə #etehsil həştəqi ilə yazılmalıdır.
Tvitlər aşağıdakı prinsiplər əsasında qiymətləndiriləcək:
- faydalılıq
- ictimai əhəmiyyət kəsb etməsi
- retvit və favorite olunma göstəricisi
- mikrobloqçunun məhsuldarlığı
- digər sosial media vasitələrinə inteqarsiya
- və s. Müsabiqənin Münsiflər heyəti ölkənin tanınmış İT və yeni media mütəxəssisləri, media ekspertlərindən ibarət olmaqla Multimedia Mərkəzi tərəfindən formalaşdırılır.
BƏXTİYAR