10 Dekabr 2019 19:54
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə yaşayan gənc dostumuz Odər Əlizadə mərhum professor Mirəli Seyidovun “Qızıl döyüşçünün taleyi” adlı kitabını ilk dəfə olaraq Türkiyə türkcəsinə uyğunlaşdıraraq çap edib.

Qazaxıstanın simvollarından olan “Qızıl döyüşçü” tamamilə qızıldan düzəldilmiş paltar geymiş sak döyüşçüsüdür, 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev aşkar edib. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı fraqmentlər əldə edilib. 2017-ci ilə qədər Qazaxıstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçü aşkar edib.

Mirəli Seyidov kimdir?

Kitabın müəllifi Mirəli Seyidov 1918-ci ilin oktyabrında İrəvanda fəhlə ailəsində doğulub. 1938-ci ildə Bakıda S.Ağamalıoğlu adına hidromeliorasiya texnikumunu bitirib, 1938-1944-cü illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil alıb. Eyni zamanda 1941-1945-ci illərdə Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxuyub. Bu illərdə o, “Sovet Ermənistanı” qəzetində korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləyib, mətbuat müvəkkili olub.

AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945-1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953-1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960-1967), şöbə müdiri (1967-1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980-1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləyib. 1982-ci ildə Türkiyədə keçirilən 4-cü Türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olub, “Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)” mövzusunda məruzə ilə çıxış edib.

Mirəli Seyidov ədəbi fəaliyyətə 1941-ci ildə “Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlayıb, mətbuatda vaxtaşırı çıxış edib.

1969-cu ildə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1979-cu ildə professor, 1982-ci ildə Azərbaycanın Əməkdar elm xadimi ünvanını qazanıb.

Onun maraqlı cəhətlərindən biri ədəbiyyatı mükəməml bilməsi idi. Bu sahədə yazdığı məqalələrlə yanaşı, 1954-cü ildə “Sayat Nova”, 1963-cü ildə “Qövsi Təbrizi”, “Qafqaz xalqlarının nəğməkarı”, 1969-cu ildə “Azərbaycan-erməni ədəbi əlaqələri” (rusca), 1976-cı ildə “Azərbaycan-erməni ədəbi əlaqələri-orta əsrlər” kitabları çap olunub.

Mirəli Seyidov Azərbaycan mifologiyasının banilərindəndir. Onun mifologiya haqqında ilk yazısı 1962-ci ildə Elmlər Akademiyasının “Xəbərlər”ində çap olunmuş “Uğur sözü haqqında bəzi qeydlər” adlanır. Ardınca mifologiyaya aid bir sıra məqalələri çap olunub və bu araşdırmalar daha da genişləndirilərək 1983-cü ildə “Yazıçı” nəşriyyatı tərəfindən “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı kitabda toplanıb.

1989-cu ildə isə “Yazıçı” nəşriyyatında onun ən iri həcmli kitabı olan 1989-cu ildə "Yazıçı" nəşriyyatında "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı əsəri nəşr olunub. Ardınca 1990-cı ildə “Gənclik” nəşriyyatında “Yaz bayramı” kitabı çap olunub.

Mirəli Seyidovun ən son yazdığı kitabı “Qam-şaman və onun qaynaqlarına ümumi baxışdır”. Alim bu kitab üzərində 15 il çalışıb. Kitabın redaktoru Vəli Həbiboğlu son əsərlə bağlı Mirəli Seyidovla danışdığı bir xatirəni kitabın ön sözündə qeyd edib: “Qu quşları həyatlarında bircə dəfə oxuyurlar. Bu da onların ölümqabağı nəğmələri hesab olunur. İndi mən də bu kitabı özümün ölümqabağı nəğməm bilirəm. Elə hesab edirəm ki, bu vaxta qədər yazdığım heç bir əsərim, hətta sənin haqqında danışdığın o iri həcmli soykökü kitabım belə “Qam-şaman və onun qaynaqlarına baxış” əsəri ilə müqayisə oluna bilməz. Bu kitab mənim bütün yaradıcılığımın zirvəsidir. Azərbaycan mifologiyaşünaslığında tarixi hadisə hesab olunmağa layiqdir”.

20 Yanvar günləri

Vəli Həbiboğlunun yazdığına görə qanlı 20 yanvar ərəfəsində Mirəli Seyidov Şəhidlər xiyabanından bir qədər kənarda yerləşən xəstəxanada ürəyindən müalicə olunurdu. Ona görə baş vermiş hadisə haqqında həkimlər ona heç nə demirdi. Lakin heç kim Mirəli Seyidovun hər şeydən xəbəri olduğunu bilmirdi. Bir dəfə onu ziyarətə gedən Vəli Həbiboğluna deyir: “Həkimlər hər şeyi məndən gizlətməyə çalışırlar, amma bilmirlər ki, mən azadlığımız uğrunda axıdılan bu qanları, şəhid övladlarımızı hələ çox-çox il bundan əvvəl gözləyirdim. Azadlığı, xoşbəxtliyi heç kim bizə havayı verməyəcək, hələ bu yolda çox əziyyətlərə, məhrumiyyətlərə qatlaşmalı olacağıq, şəhidlər verəcəyik. Şəhidi olmayan torpaq müqəddəsləşib Vətənə çevrilməz”.

Son kitabını 20 yanvar şəhidlərinin ruhuna həsr edən müəllif 15 ildir yazdığı materialları şəhidlərin dəfn günü xəstəxana şəraitində, ağır durumda kitab halına salmağa başlayır, onların qırxı günündən bir neçə gün sonraya tamamlayır, kitabı bitirdikdən sonra Vəli Həbiboğlu ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edir. Kitab nəşriyyata təqdim edilir, lakin gec çap olunduğundan son kitabını görmək alimə qismət olmur.

1992-ci il aprelin 26-da Mirəli Seyidov Bakıda vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra alimin çap olunmamış “Böri-qurt” əsəri 2006-cı ildə “Azərbaycan Atatürk Mərkəzi” tərəfindən nəşr olunub..

1984-cü ildə çap olunan “Qızıl döyüşçünün taleyi” kitabı isə yuxarıda qeyd etdiyimiz kimi maraqlı bir tarixi olayla bağlıdır. 1970-ci ildə Almatı ətrafında yerləşən Esik kurqanından saqa xaqanının oğlunun məzarı aşkarlanır. Altun geyimli şahzadənin məzarı türkoloqların hədsiz marağına səbəb olur. Məzarda tapılan çoxlu qızıllardan daha çox gümüş bir qabın üzərində yazılan iki sətrlik türkcə yazı idi: “Tigin 23 yaşında öldü. Esik xalqının başı sağ olsun”. Mirəli Seyidovun kitabı qızıl döyüşçünün məzarından tapılanlar və geyimi üzərində olan simvolların mifoloji tədqiqi ilə bağlıdır…


Müəllif: Dilqəm Əhməd