12 Dekabr 2019 13:36
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının tərəfindən antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması və qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin edilməsi məqsədilə əhali arasında geniş maarifləndirmə və təbliğat işlərini həyata keçirib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, avtobus dayanacaqlarında insanlara antibiotiklərdən istifadəyə dair maarifləndirici çap materialları paylanılıb.

Sakinlərin diqqətini cəlb etmək məqsədilə beş avtobusun üzərinə maarifləndirici lövhələr (billboardlar) quraşdırılıb. Əhalinin daha geniş şəkildə istifadə etdiyi metro stansiyalarının vaqonlarında da belə lövhələrin yerləşdiriləcəyi planlaşdırılır.

Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində 2 min nəfər arasında antibiotiklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədi ilə sorğu keçirilib. Sorğuda insanların mövzuya dair bilik səviyyəsi müəyyən edilərək, bu sahədə qabaqcıl təcrübəyə əsaslanan məlumatlar verilib.

Sorğu nəticəsində məlum olub ki, iştirakçıların 50.2 faizi son 12 ayda antibiotik qəbul edib.

Respondentlərin 23.6 faizii həkim təyinatı olmadan, 30,75 faizi isə oxşar xəstəliklərdə istifadə etdikləri dərmanları yaxın insanların məsləhəti ilə qəbul etdiklərini bildiriblər. 26.9 faiz respondent hesab edir ki, antibiotiklə müalicə nəticəsində yaxşılaşdıqdan sonra növbəti dəfə xəstələndikdə, həkimlə məsləhətləşmədən eyni antibiotiki özbaşına qəbul etmək düzgündür.


Müəllif: Aysel Azad