16 Dekabr 2019 12:47
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il noyabrın 19-da “Foden” nişanlı bioloji fəallığa malik qida əlavəsinin (BFMQƏ) içlik təlimatında və qablaşdırmanın üzərində olan məlumatların müxtəlif olması ilə bağlı Agentliyə daxil olan vətəndaş müraciəti əsasında müxtəlif aptek şəbəkələrində monitorinqlər aparılıb.

Teleqraf.com xəbər verir ki, monitorinqlər zamanı “Foden” əmtəə nişanlı məhsul aptek şəbəkələrindən satınalma yolu ilə əldə edilib və təkrar müayinə üçün laboratoriyaya təqdim olunub.

Ekspertiza nəticəsində məhsulların içlik təlimatlarının və qablaşdırma materiallarının dəyişdirildiyi aşkarlanıb.

Agentliyə qida təhlükəsizliyi sertifikatının alınması üçün təqdim olunan nümunənin “İstifadə qaydası və dozası” bəndində “14 yaşdan yuxarı uşaqlar və böyüklər 2 damcı gündə 1-2 dəfə” ifadəsi qeyd olunsa da, aptek şəbəkələrindən götürülmüş nümunələrin içlik təlimatlarında “0-1 yaşa qədər uşaqlar 2 damcı, 1-13 yaş 3 damcı, 14-18 yaş 5 damcı, 19-70 yaş 3 damcı” ifadəsi əks olunub. Eləcə də, “Əks göstərişlər” bəndi aptek şəbəkələrindən götürülən nümunələrin içlik təlimatlarında qeyd olunmayıb.

“Foden” əmtəə nişanlı BFMQƏ-nin içlik təlimatının qanunsuz dəyişdirilməsinə hüquqi qiymət verilməsi və qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına müraciət ünvanlanıb. Eyni zamanda həmin məhsulun ticarət şəbəkələrindən geri çağırılması, içlik təlimatlarının və qablaşdırma materiallarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə “İnvest – Plus” MMC-yə müraciət ünvanlanıb. Həmçinin Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” Qanununun 26.1.6-cı maddəsinə əsasən sertifikatın ləğvi barədə qərar qəbul edilmişdir.


Müəllif: Aysel Azad