22 Sentyabr 2014 16:19
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-dən Azərbaycan Dövlət İqtisad Universitetində “İşçilərin universitetdaxili intizam qaydaları” və “Tələbələrin universitetdaxili intizam qaydaları” qüvvəyə minib.

ADİU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, Təhsil Nazirliyinin müvafiq qaydaları nəzərə alınmaqla hazırlanan sənədə görə universitetin professor-müəllim heyəti peşə fəaliyyətini yerinə yetirmək müqabilində tələbələrdən və ya onların yaxınlarından hər hansı maddi və ya qeyri-maddi nemətlər tələb etməməli, bu tipli təkliflər olduqda da onları rədd etməli, şəxsi həyatında əxlaq və ictimai davranış normalarına riayət etməlidir.

Bu qaydalara görə dərs zamanı auditoriyalarda mobil telefonlardan istifadə etmək, zəngdən sonra auditoriyaya girmək, dərs zamanı auditoriyanı tərk etmək, məşğələ zamanı dəhlizlərdə ucadan danışmaq, səs-küy salmaq, kitabxanalarda oxuculara mane olacaq səviyyədə danışmaq, qadağan olunmuş yerlərdə siqaret çəkmək, spirtli içkilər içmək və ya spirtli içki içərək universitet binasına daxil olmaq, dəhlizləri və auditoriyaları zibilləmək, universitetdə dərs verdiyi tələbələrə ödənişli əsaslarla xüsusi dərslər vermək, vəzifəsinin icrasında dil, irq, cinsiyyət, siyasi baxış, fəlsəfi inanc, din və məzhəb ayrı-seçkiliyinə, ayrı-ayrı fərdlərin fayda və zərərinə səbəb olan davranışlar nümayiş etdirmək qadağandır.

Sənəd həmçinin birbaşa və vasitəçi əli ilə hədiyyə istəməyi və vəzifə başında olmasa belə üstünlük və fayda təmin etmək məqsədilə hədiyyə qəbul etməyi, ayrı-ayrı şəxslərdən və tələbədən borc istəməyi və ya almağı, ideoloji, siyasi, dağıdıcı, separatçı məqsədli fəaliyyətlər göstərməyi və ya bu fəaliyyətləri dəstəkləməklə universitet və onun strukturlarının asayişini, əmək intizamını pozmağı, başqasının elmi əsərini və ya tədqiqatını bütövlükdə və ya onun bir hissəsini mənbə göstərmədən öz əsəri kimi qələmə verməyi, peşə fəaliyyətini həyata keçirərkən açıq şəkildə rüşvət istəmək və korrupsiya xarakterli davranışlara yol verməyi yasaq edir.

Qeyd edək ki, qaydalar iyun ayından işçilərlə tələbələrin müzakirəsinə verilmişdi.

SEVİL


Müəllif:

Oxşar xəbərlər