Yanvarın 22-də Daxili İşlər Nazirliyində 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.
Asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib. Ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı sabit qalaraq 265 fakt təşkil edib.
General-polkovnik Vilayət Eyvazov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim nəzarətdə saxlanılıb və tam yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 965 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi demokratik islahatların, böyük infrastruktur layihələrinin, sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Respublikamızda ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyəti Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin ardıcıllıqla icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.
Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.
İclasa yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov 2019-cu ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.
O da qeyd olunub ki, 2020-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməli, şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir.
Cari ildə ölkəmizdə keçiriləcək respublika və beynəlxalq əhəmiyyətli tədbirlərlə bağlı bütün təşkilati işlər vaxtında və yüksək səviyyədə yerinə yetirilməlidir.
Sonda general-polkovnik V.Eyvazov nazirlik sistemində maddi texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərtərəfli köməklik göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, qanunla müəyyən olunmuş vəzifələr bundan sonra da tam yerinə yetiriləcəkdir.