ABŞ-ın İllinoys ştatının Skoki şəhərinin meri Corc Van Dusen Xocalı qətliamının 28-ci ildönümü ilə bağlı bəyannamə imzalayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin üzvlərinə və İllinoys ştatının Azərbaycan icmasına ünvanlanmış bəyannamədə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törətdiyi deyilir: "İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar".
Sənəddə vurğulanır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul olunub. Azərbaycanın ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən dəstəklənməsi xüsusi qeyd olunur.
Bəyannamədə bildirilir ki, bütün bu faktları nəzərə alaraq, Skoki meri Corc Van Dusen 2020-ci il fevralın 26-nı şəhərdə Xocalı qətliamı qurbanlarının anım günü elan edib.