2 Mart 2020 18:29
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsilin qorunması səbəbilə tətilə göndərilməsinə ehtiyac vardı. Bizi bir təhlükə gözləyir, amma bu onun nə olduğunu, əhatə dairsəni, dərəcəsini bilmirik. Görünən odur ki, virus var, bütün dünyanı növbə gözləmədən kortəbii halda cənginə alır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov deyib.

O bildirib ki, Azərbaycanda 4470 orta məktəbdə 1,5 milyon şagird, 54 ali təhsil müəssisəsində 164 min tələbə, 1670 bağçada 140 min uşaq var: “Təhsil öz ətrafında 2 milyona yaxın insanı birləşdirib. Hansındasa yoluxma halı qeydə alınsaydı, təbii ki, çox böyük kütlə təhlükə altında qalmış olacaqdı”.

Ekspert hesab edir ki, tətil müddəti uzadıla bilər: “Nazirlər Kabineti çox doğru addım atdı. Əgər koronavirus təhlükəsi aradan qalxmasa, hazırda elan olunan bir həftəlik tətilin artırılması mümkündür. Mart ayında bayramlarla əlaqədar olaraq 15 gün qeyri-iş günüdür. Bu aradakı müddətin yenidən tətil elan edilməsi mümkündür. Konstitutsiyada, Təhsil haqqında qanunda da qeyd olunub ki, fövqəladə hal aradan qalxmadıqda, tətil müddətinin artırılması nəzərdə tutula bilər”.

Kamran Əsədov bildirib ki, tətilin elan olunmasında əsas səbəblərdən biri də bütün məktəblərdə dezenfeksiya işlərinin aparılmasıdır: “4470 məktəbin 200-ə qədərində dezenfeksiya işləri aparılıb. Bu bir həftə ərzində bütün məktəblərdə lazımi profilaktik tədbirlər görüləcək. Virus təhlükəsi olmadığı halda dərslər davam edəcək”.

Ekspert dərs günlərinin qarşıdakı tətil günləri ilə əvəz edilə biləcəyini vurğulayıb: “Qanunvericilikdə tətil günlərinin əvəz edilməsi nəzərdə tutulur. Əgər bu müddət 15 gündən artıq olarsa, tətil günləri ilə dərs günləri əvəzlənəcək. Tətil müddətinin uzadılmasının vacibliyini bir həftə ərzində baş verəcək proseslərdən biləcəyik. Əgər ÜST virus əleyhinə vaksin tapılarsa, təbii ki, bu müddəti artırmağa ehtiyac olmayacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər