Hazırda dünyanın əksər ölkəsində yeni növ koronavirus infeksiyası – “COVID-19”a qarşı müəyyən qabaqlayıcı tədbirlər həyata keçirilsə də, bu proseslər xarakterinə və məzmununa görə bir-birindən fərqlənir. Məsələn, bu gün Azərbaycanda edilənləri başqa ölkələrdəki tədbirlərdən əsaslı dərəcədə fərqləndirmək üçün çox ciddi nüanslar var.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Aydın Quliyev bildirib.
O qeyd edib ki, bunlardan biri də Azərbaycan dövlətinin başçısının belə situasiyalarda davranışıdır:
“Biz, əvvəllər də zəlzələlər və başqa təbii fəlakətlər vaxtı görmüşük ki, Azərbaycanın dövlət başçısı fəaliyyətini Bakıda müəyyən kabinet tədbirləri, müşavirələrlə məhdudlaşdırmır, əksinə məhz belə vəziyyətlərdə bölgələrdə köməyə, maddi, mənəvi dəstəyə ehtiyacı olan insanlarla bir sırada olmağa daha çox üstünlük verir. Biz, eyni davranışı bu dəfə də gördük. Açığını deyim ki, Azərbaycan Prezidentinin məhz belə anlarda ölkə vətəndaşları ilə bir yerdə olması ən azı cəsarət nümunəsi olmaqla bir neçə nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. İlk növbədə, təhlükəli koronavirusla bağlı vəziyyətin nə dərəcədə nəzarət altında olmasını bütün Azərbaycan cəmiyyəti, xüsusilə də bölgələr ölkə başçısının dilindən şəxsən eşitmək istəyirdi. Çünki bir narahatlıq var, ölkədə koronavirus faktlarına rast gəlinməsə də, insanlar prosesləri nigaranlıqla izləyirlər. Belə şəraitdə birbaşa dövlət başçısının özünün dilindən üz-üzə söhbətlərdə eşidilən sözlərin camaatı arxayınlaşdırmaq, maarifləndirmək, bəzi insanları müəyyən fəaliyyətlərə yönəltmək baxımından çox əhəmiyyətlidir. Bu mənada Prezident İlham Əliyevin bölgələrə səfəri böyük əhəmiyyət daşıyır”.
Aydın Quliyev qeyd edib ki, digər tərəfdən Azərbaycanda “COVID-19” virusuna qarşı kompleks tədbirlərin görülməsinin nə dərəcədə effektiv və yetərli olması ilə bağlı cəmiyyətin dövlət başçısının özündən birbaşa fikir eşitməsi çox maraqlı və əhəmiyyətlidir:
“İnsanlar görülən tədbirlərin yetərli olub-olmaması ilə bağlı tam arxayın olmaq üçün ən mötəbər mənbələrdən məlumat almaq istəyirlər. Sözsüz ki, bu cəhətdən cəmiyyətimiz, insanlar üçün ən mötəbər mənbə məhz cənab Prezidentin özüdür. Belə ki, cənab Prezidentin dilindən Azərbaycanda koronavirusa qarşı bütün lazımi tədbirlərin görüldüyü ilə bağlı birbaşa fikirlərin eşidilməsi insanları həm arxayınlaşdırır, həm də onları sabaha ümidlə yanaşmağa istiqamətləndirir. Əlbəttə, virusa qarşı mübarizə üçün 10 milyon manatdan artıq vəsaitin ayrılması, cəmi bir neçə gün ərzində ölkənin sərhədlərinin tam şəkildə nəzarətə götürülməsi, potensial risk daşıyıcılarının nəzarətdə saxlanılması, ölkəyə gəlib-gedən əcnəbilər üzərində ciddi nəzarətin qoyulması, xarici ölkələrdə, xüsusilə İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi və digər görülən işlərin böyük əhəmiyyəti var. Bunlarla bağlı birbaşa cənab Prezidentin özündən məlumat almaq insanlar üçün son dərəcə dəyərlidir. Bir sözlə, cənab Prezidentin bu günlərdə bölgələrə etdiyi səfər adi səfərlərdən deyil, mən bu səfərə təhlükəli virusun yayılmasına qarşı ölkə miqyasında aparılan qlobal tədbirlərin tərkib hissəsi kimi baxıram. Bu səfəri koronavirusa qarşı mübarizədə dövlətin və cəmiyyətin imkanlarını birləşdirmək və vahid hədəfə yönəltmək yolunda tutarlı bir addım hesab edirəm. Heç şübhə yoxdur ki, cənab Prezidentin bu nümunəsinə başqa ölkələrdə də müraciət olunacaq. Çünki bu səfər koronavirusa qarşı mübarizədə dövlətin və cəmiyyətin imkanlarını pozitiv və işgüzar formada birləşdirməkdə çox əla bir üsuldur”.