Bu gün Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin 65-ci anım günüdür.
Teleqraf.com Rəsulzadənin silahdaşlarından Feyzi Aküzümün “Rəsulzadə ilə 5 il” adlı xatirə yazısını təqdim edir:
Məhəmmədəmin Rəsulzadəni 1947-ci ildə Avropadan Türkiyəyə gəldiyi zaman tanıdım. Onu daha əvvəl 1935-1940-cı illər aralığında orta məktəb və liseydə şagird ikən Türkiyə və Almaniyada dərc etdiyi “Odlu Yurd”, “İstiqlal” və “Qurtuluş” adlı qəzet və jurnallardakı yazıları, böyüklərdən eşitdiyim həyat hekayəsi və mücadiləsi ilə tanımışdım. İlk görüşməyimiz isə 1947-ci ilin son aylarında oldu.
Məhəmmədəmin bəy hərtərəfli böyük insandı. Tərtib etdiyi ümumi və xüsusi toplantılarda çox vaxt mən də iştirak edərdim. Özü də iştirak etməyimi istəyərdi.
İstər böyük, istər kiçik, istər təhsilli, istər təhsilsiz olsun, hər kəslə yaxından maraqlanar, onlara qulaq asar, görüşlərinə və düşüncələrinə böyük dəyər verərdi. Bəyənmədiyi xüsuslar üzərində olduqca nəzakətli və inandırıcı təlqinlərlə qarşısındakını razı salar, qəlbinin qırılmamasına və üzülməməsinə çox çalışardı. Bənzəri olmayan bir nəzakət timsalıydı. Ona yönələn hücumları gülərək qarşılayardı. İncə hərəkətləri ilə qarşısındakını utandırar, onu üzr istəmək məcburiyyətində qoyardı. Daima birlik və bərabərlik tərəfdarı idi. Hər vəsilə ilə bunu müdafiə edər, xüsusilə, mühacirətdəki ən böyük vəzifənin birlik və bərabərlik içində olmağın gərəkli olduğunu ifadə edərdi: “Mövcud mühacirət şərtləri daxilində Azərbaycan mübarizəsi namına birləşmək, milli mübarizəni yaşatmış və ya yaşadan fikir sistemi və qurumlarına hörmət etməklə olur. Bunun üçün hər cür kiçik hesablardan, mərəzli hisslərdən sıyrılaraq ana fikrə önəm vermək lazımdır...”
Məhəmmədəmin bəyin Ankaraya gəlişi ilə dağınıq olan Azərbaycan koloniyası dərhal bir araya gəlmək imkanı əldə etdi. İkinci Dünya müharibəsində iştirak edib, Almaniya, İtaliya, İsveçrə və Fransaya sığınan yurddaşlarımızın 1948-ci ildə Türkiyəyə qəbul edilmələri ilə bu hərəkat daha da canlandı. Məhəmmədəmin bəy bir araya gəlməkdə, müştərək hərəkət etməkdə ən doğru yolu bir dərnək ətrafında toplanmaqda görürdü. Onun arzusu əsasında xeyli araşdırma və çalışmadan sonra mərkəzi Ankarada olmaq üzərə Azərbaycan Kültür Dərnəyinin qurulmasına qərar verildi. Dərnəyin nizamnaməsi hazırlandı, gərəkli olan bütün rəsmi işlər tamamlandı və 1 fevral 1949-cu il tarixində Azərbaycan Kültür Dərnəyi rəsmi şəkildə fəaliyyətə başladı. Dərnəyin ilk ümumi idarə heyətinin toplantısında Dr.İbrahim Badalın verdiyi təkliflə toplantıya qatılanların coşqun təzahüratı arasında dərnəyin fəxri başqanlığına gətirilən Məhəmmədəmin bəy ölənədək bu fəxri başqanlığı daşıdı.
Azərbaycan Kültür Dərnəyinin fəaliyyətə keçməsi ilə birlikdə Məhəmmədəmin bəyin silsilə konfransları başladı. Böyük maraqla izlənən və xeyli təqdir qazanan “Azərbaycan kültür gələnəkləri”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” mövzulu konfranslar bir-birini təqib etdi.
Rəsulzadə əzmli, şüurlu milliyyətçi idi. Dövlət idarəçiliyində daim milli dövlət prinsipini müdafiə edirdi. Sinifləri əsas götürən kommunizm kimi, fərdləri ön planda görən liberalizmi də kosmopolit olaraq dəyərləndirirdi, bu mövzuda belə deyirdi: “Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiyasıyla sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq bir kölə, makina halına gətirən kommunizm əsarəti! Nə mütləq liberalizm, nə də mütləq kollektivizm. O halda ikisini uzlaşdıran solidarizm – təsanüd!”...
Məhəmmədəmin bəy Azərbaycanın səsini duyuracaq, haqlı mübarizəsini dünyaya yayacaq, kommunizmin dünyaya gətirəcəyi fəlakəti izah edəcək bir mətbuata ehtiyac olduğunu, çətinlik və maddi sıxıntılar içində olsa da, bu işin mütləq həyata keçirilməsi fikrini müdafiə edirdi. Bu məqsədlə Yenişəhər Sakarya küçəsindəki sadə evində dərnək üzvləri ilə birlikdə toplantı keçirdi. Bu toplantıda mən də iştirak etdim... Bir xeyli müzakirədən sonra Əmin bəyin tövsiyəsi ilə aylıq bir dərginin nəşri üzərində razılaşdıq. Növbə jurnalın adına gəldi. Təklif edilən adlar arasında “Qurtuluş”, “Odlu vətən”, “Dirilik”, “İstiqlal” kimi indi adını xatırlamadığım bir çox adlar vardı. Mən də “Madam ki, dərnəyimiz Azərbaycan Kültür Dərnəyi adlanır, o halda dərnəyin adını daşıması baxımından jurnalın adının “Azərbaycan” olması lazımdır, bu ad dərnəyin qayəsi, çalışmaları, hər kəs tərəfindən mənimsənilməsi üçün daha rahat olar” dedim. Məhəmmədəmin bəy diqqətlə məni süzdü və “mən də Feyzinin fikrinə qatılıram, dərginin adı “Azərbaycan” olsun” dedi və dərginin bütün yükü mənə verildi. Dr.Əhməd Yaşat məsul müdir oldu. Ertəsi gün Əhməd Yaşat, Ənvər Roman, Qurban Biter və mən fəaliyyətə keçərək Əmin bəylə birlikdə dərginin ilk sayının hazırlığına başladıq. 1952-ci ilin aprelində birinci sayı nəşr etdik. Dərginin 12 sayını Əmin bəylə birlikdə nəşr etdik. Baş məqalələri zamana görə Əmin bəylə Vahab bəy və digər yazıları Əmin bəy hazırlayardı. Günün şərtlərinə görə dərc edilməsi vacib olan yazıları, yazar heyətini o təlqin edərdi. Hazırlanan yazıları isə mən götürər, makinada yazar, mətbəəyə aparardım. Bu münasibətlə onu bir il ərzində daha yaxından tanımaq imkanım oldu. Həftənin iki günü birlikdə idik. Hər mövzuda ondan çox faydalandım. Öyrənmək istədiyim xüsusları, ən incə detallarına qədər yorulmadan, bezmədən böyük bir zövqlə izah edərdi. Gəncliyə sonsuz güvəni və etimadı vardı. Gənclərlə birlikdə olduğu vaxt sevinci sərhəd tanımazdı. Ona görə də daim gəncləri yanında görmək istəyərdi. Mən də hər fürsətdə o zaman Ankarada olan gənc dostlarla birlikdə ziyarətinə gedərdik. Bundan çox məmnun olardı. Dəfələrlə güvənini təkrarlayar, gəncliyin öhdəsinə düşən vəzifənin çox böyük və müqəddəs olduğunu söyləyərdi. Köhnə nəsillə yeni nəsil arasındakı bağların qopmamasına diqqət edər, keçmiş nəslin təcrübəsi ilə yeni nəslin həyəcanı arasında əlaqə qurmağı olduqca yaxşı bacarardı...
Əmin bəyi yaxından tanıdıqca ona qarşı olan hörmətim qat-qat artdı. Onun böyüklüyünü, geniş dünyagörüşünü və mübarizəyə olan hakimliyini daha yaxşı anladım. O, əsir Türk ellərinin mübarizəsinə sarsılmaz bağlılığı kimi, Türkiyəyə də dərin bir heyranlıq bəsləyərdi. Böyük Türk aləminin yeganə müstəqil və azad qalası Türkiyə Cümhuriyyətinin sonsuza qədər ölümsüz olması ən böyük diləyi idi...
Bir gün, deyəsən, 1953-cü ilin mart ayı idi. Məhəmmədəmin bəylə evində müxtəlif mövzular ətrafında müzakirə edirdik. Bir ara ona belə bir sual verdim: “Sizin çox uzun illər səhhət və afiyət içində çalışmalarınıza davam etməniz, daha çox əsər verməniz dəyərli fikir və öyüdlərinizlə bizləri aydınlatmanız ən böyük diləyimizdir. Fəqət unudulmaması gərəkən bir şey varsa, o da insanların fani olmalarıdır. Hər lider gənclərə, irəlidə edəcəyi, etməsi lazım olan xüsuslar üzərində tövsiyə, öyüd və direktivlər verir. İndiyə qədər əsərlərinizdə, yazılarınızda və çıxışlarınızda belə bir xüsusa rast gəlmədim. Biz və bizdən sonrakı gəncliyə veriləcək kəsin bir öyüdünüz, əmriniz, direktiviniz olmayacaqmı?”
Güldü və “Yazdıqlarım, söylədiklərim istəyinə cavab təşkil etmirmi? Onların içərisində axtardığın hər şeyi tapa bilərsən” deyə cavab verdi.
Bunun üzərinə mən “Doğru buyurursunuz, araşdırdığımız təqdirdə hər mövzuda istədiyimizi tapa bilərik, amma mən gəncliyə həyəcan və istiqamət verəcək və onları dimdik ayaqda tutacaq kəsin bir əmr və ya öyüddən bəhs etmək istədim” dedim.
Bir şey söyləmədi, fikrə getdi və uzun-uzun düşündü. Qısa bir zaman sonra mövzunu başqa bir yerə yönəltdik.
1953-cü ilin mart ayının sonlarında başqa bir vəzifəyə təyin edilərək Ankaradan ayrılmaq məcburiyyətində oldum. Ondan sonra Əmin bəyi bir daha görmədim.
Vəfatının ildönümündə, 1956-cı ilin martında dərc edilən “Azərbaycan” dərgisində Əmin bəyin gəncliyə xitabını gördüyüm zaman olduqca duyğulandım, gözlərim yaşardı. Dəfələrlə oxudum. Heybətli duruşu, qürurlu halı, təvazökar və cana yaxın hərəkəti, bənzərsiz məziyyəti, nəzakətli davranışı film lenti kimi gözlərimin önündən keçdi və unudulmaz xatirələri bir daha qəlbimi və könlümü doldurdu. O, gəncliyə belə səslənirdi:
“Ey gənclik!...
Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: “Bir kərə yüksələn bayraq bir daha enməz!”... Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanmış ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya qazi, ya da şəhid olacaqsan!”
Ruhu şad, məkanı cənnət olsun.
“Azerbaycan” dərgisi,
213-cü say, 1975
Qeyd: Rəsulzadənin bu müraciəti onun “Əsrimizin Səyavuşu” əsərindəndir. Görünür, Feyzi Aküzüm həmin əsərlə tanış deyilmiş.
Dilimizə uyğunlaşdırdı: Dilqəm Əhməd