Dövlət səviyyəsində koronavirusla mübarizə ən yüksək həddə təşkil olunub. Maliyyə, siyasi və maarifləndirmə cəhətdən çox mühüm addımlar atılır. Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərarlar, gördüyü işlər danılmazdır. Tətbiq olunan məhdudiyyətləri, qadağaları əhali də düzgün dərk edir. Epidemiya dünyanın aparıcı dövlətlərində problemlər yaradırsa, bu addımların atılması mütləqdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib:
"Koronavirusla mübarizədə həkim və digər peşə sahiblərinə qarşı atılan addımlar dövlət tərəfindən çox müsbət dəyərləndirilir. Biznes fəaliyyəti ilə məşğul olan sahibkarların mövcud vəziyyətdən ziyan görməməsi üçün mühüm qərarlar qəbul olunur, paralel olaraq maarifləndirmə işləri aparılır. Düşünürəm ki, söhbət milli təhlükəsizlik və dövlət təhlükəsizliyinə təhdiddən gedir".
Arzu Nağıyev ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılması məsələsinə də toxunub:
"Bu vəsait biznes fəaliyyəti ilə məşğul olan, zərər çəkmək ehtimalı olan sahibkarlara yönəldiləcək. İslahatlar davam edir. Epidemiya dünya iqtisadiyyatında problemlər yarada bilər. Bu gün neftin qiymətində də müəyyən dəyişikliklər var. Azərbaycanın bu istiqamətdə dünyadan kənara qalacağını düşünmürəm. Lakin ərzaq təminatı və digər istiqamətdə hansısa problem baş verəcəyini güman etmirəm".
Millət vəkili əhaliyə sosial izolyasiya qaydalarına əməl etməyi tövsiyə edib: "Əsas məsələ odur ki, gigiyenik qaydalara əməl etsinlər. Vacib olmadığı təqdirdə evdən çıxmasınlar. Əvvəlki həyat tərzləri ilə müqayisədə müəyən məhdudiyyətlərə riayət etməlidirlər. Bütün dünya necə mübarizə aparırsa, Azərbaycanda da hər bir vətəndaş bu istiqamətdə addım atmalıdır".